"Özlərinin, saleh ataları, zövcələri və övladlarından hər kəsin daxil olacağı əbədi bağlar var. Mələklər hər bir qapıdan (təbrik üçün) onların yanına gələr.”
Nöqtələr
Quranda müxtəlif məqamlarda işlədilmiş 137 "cənnat” və "cənnət” sözlərindən yalnız 11-i Ədn cənnətlərinə aiddir. "Dürrül-Mənsur”da nəql olunmuş bir hədisə görə, ədn cənnəti dedikdə xüsusi bir behişt (bağ) nəzərdə tutulur.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs mənim ölümüm və həyatım kimi ölüm və həyat istəyirsə və mənim behiştim olan Ədn cənnətlərinə daxil olmağı arzulayırsa Əli ibn Əbu-Talib və onun övladlarını özünə rəhbər və imam qərar verməlidir. Onlar elm və düşüncədə ən üstün insan və xalqı doğru yola çağıran ən üstün hadidirlər.”
Quranda dəfələrlə bəyan olunur ki, bir ailədən olan saleh insanlar behiştdə birlikdə qalasıdırlar. Onlar bir-birləri ilə söhbətdən ləzzət alacaqlar. Əlbəttə ki, ayədə yalnız atanın, onun zövcəsinin və övladlarının adının çəkilməsi bu lütfün yalnız onlara aid olduğunu göstərmir. Allahın bu lütfü ailənin digər saleh fərdlərinə, bacılara, qardaşlara da aiddir. Ayədə ananın qeyd olunmamasının səbəbi onun atanın zövcəsi olması da ola bilər. Bacı və qardaş atanın övladları olduğundan onların da adı xüsusi qeyd olunmamış qala bilər. Əmi və bibinin atanın nəslindən sayılması mümkündür.
İlahi ayələrdən məlum olur ki, mələklər dünya və axirətdə bütün hallarda insanla əlaqəlidirlər. Onlar bəzən insana salam göndərir, bəzən onun bağışlanmasını diləyir, ölüm məqamı və bərzəxə daxil olarkən ona təlqin edirlər. Mələklər "səlamun ələykum” deməklə insanların canını alır. Mələklər axirətdə də dörd bir yandan möminləri salamlayırlar.
Behiştdə 8 qapının olması zikr edilir. Bu say son ayələrdə "ulul-əlbab” - düşüncə sahiblərinə aid sadalanmış vəsflərin sayı qədərdir. Sanki bu 8 sifətdən hər biri üçün behiştdə bir qapı müəyyənləşdirilmişdir. Düşüncə sahiblərinə aid olan hər bir sifət insan üçün onu əbədi səadətə aparacaq bir yol açır.
Ata və övladlar, ər və arvadların heç də hamısı behiştdə bir yerdə olmayacaqlar. Çünki Qiyamət günündə qohumluq əlaqəsi təsirsizdir. Həmin gün hər kəsin taleyi onun əməllərindən asılıdır. Həmin gün insanın taleyini müəyyənləşdirən yalnız və yalnız onun səy və təlaşıdır. Demək, yalnız ləyaqətli insanlar qohumluq əlaqələri səbəbindən bir yerdə ola bilərlər. Yəni ləyaqətli ata, ləyaqətli zövcə və ləyaqətli övladlar behiştdə bir yerə toplana bilərlər. "Ğafir” surəsinin 7, "Tur” surəsinin 21-ci ayələrində də həmin məsələyə işarə olunur.
Bildirişlər
1. Behiştə daxil olmaq üçün saleh olmaq şərtdir.
2. Behişt ailəsi elə bir ailədir ki, onun üzvləri haqq yolda bir-birinə bağlı və səmimidirlər.
3. İslamda daxili hislərə diqqət mühüm məsələdir. Ləyaqətli insan üçün ailədən uzaqda olan ən gözəl məkan belə darıxdırıcı gəlir.