Ər-Rəd surəsi - Ayə: 22

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 22
Və o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbr etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları (ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını) uzaqlaşdırırlar. Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 22. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 22 MÖHSÜN QƏRAƏTİ.

"Düşüncə sahibləri Rəbbinin diqqətini cəlb etmək üçün səbir edən, namazı bərpa edən, verdiyimiz ruzidən gizlində və aşkarda infaq edən, pisliyi yaxşılıqla paka çıxaran kəslərdir. Axirət sarayı onlara məxsusdur.”
Nöqtələr
Səbir dedikdə təkcə çətinliklərə dözmək nəzərdə tutulmur. Səbir ibadətdə, günahla mübarizədə, müsibətə düşdükdə dözüm göstərməkdir. İtaətdə təslimçilik, qürurdan uzaqlıq, nemətlər qarşısında məst olmamaq səbir nümunələridir.
"Vəchi-Rəbbihim” dedikdə Allahın diqqətinin cəlb olunması və razılığı başa düşülür.
Namazın bərpası ilahi əhd nümunələrindəndir. Bu həqiqət rəvayətlərdə də təsdiqlənir.
Səbir və namaz Allahla, infaq və yaxşılıq xalqla rabitədir.
İnfaqın dərəcələri var:
Birinci addım – Allahın fəzl və bəxşişlərindən bağışlamaq;
İkinci addım – Halal qazancdan bağışlamaq;
Üçüncü addım – Sevimli şeylərdən bağışlamaq;
Dördüncü addım – İsar (ehtiyac duyulanı bağışlamaq).
"Əl-Mizan”da buyurulur ki, "uqbəddar” dedikdə dünyada xeyir aqibət nəzərdə tutulur. Amma bu sözü hər iki dünyada xeyir aqibətə aid etmək olar.
Pisliyi yaxşılıqla aradan götürmək odur ki, möminlərdən biri xoşagəlməz bir iş gördükdə ona göz yumaq. Əlbəttə ki, söhbət zalım və günahkar fərdlərdən getmir. Zülm və fəsad əhlinə qarşı onların özü kimi cavab vermək lazımdır. İslam əxlaq, mərhəmət, güzəşt dini olsa da, müəyyən məqamlarda ürəyiyumşaqlıq göstərməmək tapşırılır.
Quranın güzəşt, mərhəmət, qorxu, səbir, infaqla bağlı buyruqlarından məlum olur ki, bu məktəb əhatəli məktəbdir. Və kamil insanlar həm öz əhdlərinə sadiqdirlər, həm də bütün rabitələrini hifz edirlər. Onlar böyük təqvaya sahibdirlər, guşənişinlik əvəzinə bütün meydanlarda fəal iştirak edirlər.
Bildirişlər
1. Yalnız Allah üçün və Onun yolunda olan səbir və sabitlik dəyərlidir. (Təəssübkeşlik və inadkarlıq, məsələyə birtərəfli yanaşma qəbul olunmazdır.)
2. Söhbət təkcə namaz qılmaqdan yox, namazın bərpa olunmasından gedir. Yəni namazın qaydalarına, şərtlərinə, namazla bağlı hədd və göstərişlərə əməl olunmalıdır.
3. Başqalarına yardım göstərmədən Allahla saxlanılan rabitə məqbul deyil. Başqalarına yardım dedikdə təkcə maddi yardım nəzərdə tutulmur.
4. İnfaqınızla (başqalarına göstərdiyiniz yardımla) qürrələnməyin. Nə verirsinizsə Allahdandır.
5. İşdə niyyət Allahın razılığıdırsa, bu işin aşkar və ya gizli görünməsi mühüm deyil.
6. Hikmət tələb edir ki, bəzi köməklər aşkar, bəzi köməklər isə məxfi çatdırılsın.
7. Günahı tövbə, pis işi yaxşı iş, zülmü güzəşt, təhqiri salam, əzabı sədəqə, cəfanı yardım, istibdadı məşvərət, zalım qüvvələrin və şeytanın vilayətini haqq vilayətlə aradan qaldıraq.
8. Dünya və axirətdə xoş aqibət düşüncə sahiblərinə məxsusdur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.