Ər-Rəd surəsi - Ayə: 16

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 16
(Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün (heç) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar və (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə də şərikləri də ibadətə layiq biliblər)? De: «(Şübhəsiz) hər bir şeyin yaradanı Allahdır və Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib və mütləq hakim!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 16. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 16 MÖHSÜN QƏRAƏTİ.

"De ki, göylərin və yerin Rəbbi kimdir? De ki, Allahdır. De ki, bəs nə üçün Ondan qeyrilərini hami götürmüsünüz? De ki, görməyənlə görən bir-birinə bərabərdirmi? Məgər qaranlıqlar və aydınlıqlar eynidirmi? Yoxsa Allaha Onun kimi yaradan və yaratdığı onlara oxşar görünən şəriklərmi qərar verdilər? De ki, Allah hər şeyin xaliqidir və Odur yeganə qalib.”
Nöqtələr
Məsələnin sual-cavab şəklində bəyanı təbliğ, tərbiyə və təlim üsullarından biridir. Quran bu üsula çox diqqət yetirmişdir.
Rəvayətdə deyilir: Allaha qarşı şirk qara daş üzərində qaranlıq gecədə qara qarışqanın hərəkəti kimi məxfidir. "Bu iş Allahın və filankəsin hesabına başa gəlib” demək həmin şirkin nümunələrindəndir.
Bildirişlər
1. Müşriklər ifrat təəssüb səbəbindən ən aydın dəlillərə də cavab vermirlər. Bu səbəbdən də peyğəmbər özü öz sualını cavablandırmalıdır.
2. Kafirlər Allahın yalnız xaliqliyini qəbul edirlər. Allahdan qeyrilərini isə müdəbbir (idarə edən) sayırlar.
3. Özünə bir xeyir verə bilməyən və özündən bir zərəri uzaqlaşdırmaqda aciz olan insana istənilən bir adla Allah əvəzində itaət edilməməlidir.
4. Haqqı gördüyü halda qəbul etməyən kəsin bəsirət gözü kordur, ətraf fəzası zülmətdir.
5. Allahdan qeyri kimsə bir şey yaratmayıb ki, yaranmışlara münasibətdə səhvə yol verək.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.