Ər-Rəd surəsi - Ayə: 17

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 17
(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 17. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 17 MÖHSÜN QƏRAƏTİ.

"Allah səmadan su nazil etdi, çaylar (hövzələr) öz tutumunca dolub daşdı, sel özü ilə köpük apardı. Zinət və ya bir əşya düzəltmək üçün odda əritdiklərindən selin köpüyü kimi köpük yarandı. Allah haqqı batildən bu sayaq ayırır. Köpük kənara çəkildi, xalq üçün faydalı olan isə yerdə qaldı. Allah bu sayaq misallar çəkər.”
Nöqtələr
Bu ayədə batili tanıtdırmaq üçün iki misal çəkilir: suyun üzərindəki köpük, dəmir əridilərkən onun üzərində yaranan köpük.
Batil köpük kimidir. Çünki müvəqqətidir, haqq sayəsində üzə çıxır, haqqın üzünü örtür, görüntüsü var, dəyəri yox, nə susuzu sirab edir, nə də onda bitki cücərir, vəziyyət aramlaşdıqda məhv olur, üzdə səs-küylüdür, içi isə boş və dəyərsizdir. Digər ayələrdə də bu məsələyə işarə olunmuşdur: "Batili haqla döyəcləyək” ; "Allah batili məhv edər” ; "Batil dünya və axirətdə puçdur” ; "Haqq gəldi, batil getdi” .
Misal vasitəsi ilə əqli məsələlər hiss olunur, məqsədə çatma yolu ilə qısalır, məsələ ümumiləşir, inadkarlar, yerində oturur. Bu səbəbdən də Quran misal üslubundan istifadə etmişdir.
Bildirişlər
1. Allahın feyzi tükənməzdir və hər kəs öz istedadı həddində bəhrələnir.
2. Zəruri və rifah üçün vasitələrin düzəldilməsi istiqamətində səy bəyənilmişdir.
3. Hadisələr sobasında qatqılar üzə çıxır, haqq batildən seçilir.
4. Batilin mövcudluğu üçün xüsusi məkan və zəminə ehtiyac yoxdur (köpük həm selin, həm də əridilmiş filizin üzərində zahir olur).
5. Batilin mənbəsi haqq və həqiqətin bulaşdığı qatqılardır.
6. Haqq və batil birlikdədir, amma sonda batil puç olub gedir.
7. Xalqın faydası haqdadır.
8. Haqq müvəqqəti deyil.
9. Xalq üçün faydalı olan sərvət, bilik, dost və hakimiyyət davamlıdır.
10. Allah tərəfindən nazil olan hər şey yağış kimi xalis və haqdır. Amma həqiqətə maddiyyat qatıldıqda bulaşıqlıq yaranır, köpük və batilin üzə çıxması üçün zəmin hazırlanır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.