"Rəbbini eşidən kəslər üçün ən yaxşı mükafat var. Amma Onun dəvətini qəbul etməyənlər bütün yer üzündə olana və onun oxşarına malik olsaydılar, bütün bunları (əzabdan qurtarmaq üçün) şübhəsiz, fidyə verərdilər. Onlar üçün çətin hesab var, onların yeri cəhənnəmdir. Necə də pis yerdir!”
Nöqtələr
Qurandan məlum olur ki, qiyamətdə insanlar üçün bir neçə növ hesab var:
1. Bir dəstənin hesabı yüngüldür.
2. Bir dəstə insanla dəqiq hesab aparılar.
3. Bəziləri sorğu-sualsız cəhənnəmə gedər və onların mühakiməyə, mizana ehtiyacları yoxdur.
4. Bir dəstə isə sorğu-sualsız behiştə gedər.
Çoxsaylı rəvayət və hədislərdən məlum olur ki, xalqla güzəştlə dolananların hesabı yüngül, xalqla çətin dolananların hesabı ağır olur. Müşriklər cəhənnəmə, səbir əhli behiştə hesabsız daxil olar. (Müəllifin "Məad” kitabında müxtəlif sorğu növləri araşdırılmışdır.)
Quranda istəyin qəbul olması məsələsi qarşılıqlıdır. Yəni istəyinin Allah tərəfindən qəbul olunmasını gözləyən kəs Allahın dəvətini qəbul etməlidir. Allah, Onun rəsulu sizi həyatverici məktəbə doğru çağırdıqda müsbət cavab verin ki, Allah da sizin dualarınızı qəbul etsin.
Dəvət mövzusu müxtəlif baxımlardan diqqəti cəlb edir:
1. Haqqa dəvət edənlər:
a) Peyğəmbərlər;
b) Möminlər;
v) Cinlər.
Batilə dəvət edənlər:
a) Küfr başçıları;
b) Şeytan;
v) Müşriklər.
2. Dəvət mövzusu: Həyat, doğru yol, bağışlama, behişt, qurtuluş.
3. Müxaliflərin rəftarları:
a) Böhtan, sahirlik, şairlik, kahinlik, divanəlik, yalançılıq, hakimiyyət istəyi;
b) Hədə;
v) Təhqir;
q) Şəkk;
d) Fitnə və savaş.
4. Dəvətin qəbul olunmamasının səbəbləri: təqlid, təəssüb, təkəbbür, nəfs istəkləri.
5. Qəbulun mükafatı: mükafat, həyat, gözəllik.
Bildirişlər
1. Ən üstün şeylər möminlərin intizarındadır.
2. Qiyamət günü çatdığı vaxt cərimə və fidyəyə yer qalmır.
3. Allahın dəvəti meyl və rəğbətlə qəbul olunmalıdır.