Ər-Rəd surəsi - Ayə: 13

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 13
Göy gurultusu (yaradılış dili ilə) Ona həmd etməklə birgə Onu paklıqla öyür (ağılla diqqət etdikdə başa düşmək olur ki, göydə olan səslər Onun qüdrətinin kamilliyindən və nöqsandan pak və uzaq olmasından danışırlar) və həmçinin mələklər əzəmətinin qorxusundan (Onu paklıqla öyürlər). Və ildırımları göndərir və onları Allah barəsində çəkişdikləri halda istədiyi fərdə ya fərdlərə (cəzaya layiq kəslərə) yetirir! O, böyük qüdrət, eləcədə məkrlə mübarizədə şiddətli cəza sahibidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 13. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 13 MÖHSÜN QƏRAƏTİ.

"Göy gurultusu Ona sitayişlə və mələklər Onun qorxusundan təsbih, tərif deyir. O, şimşəyi endirir ki, istədiyinə zərbə vursun. Halbuki, onlar Allah barəsində höcətləşirlər və O, (Allah) ağır cəza verəndir.”
Nöqtələr
Quran baxımından bütün varlıq aləmi Allaha tərif söyləməkdədir. Bu təsbih (tərif) həm də elm, şüur və seçim əsasındadır. Maraqlı burasıdır ki, Quran bu məsələləri düşüncələri cəlb edəcək və inamsızlıqlara xətt çəkəcək bir tərzdə bəyan edir. O cümlədən:
1. "Səbbih” və "yusəbbih” kimi həmin mənanı aşkar təsdiqləyən sözlər;
2. Çoxsaylı surələrdə bu məsələnin təkrarı;
3. Surənin əvvəlində, «Bismillah»dan dərhal sonra mövcudların təsbihi məsələsinin bəyanı;
4. Bütün varlığın qünut və xüzusu ; ulduzların və otların səcdəsi ; göy və yerin itaəti ; namaz və təsbihdə mövcudların agahlığı.
5. İnsana xitab olunur ki, o, mövcudların təsbihini dərk etmir.
"Mihal” "hiylə” sözündən olub istənilən növ gizli çarə axtarmaq mənasını bildirir. Çarə tapmaq üçün elm və qüdrətə ehtiyac var. Bu səbəbdən də təfsirçilər "şədidul-mihal” ifadəsini "şədidul-quvvə və əzab” kimi mənalandırmışlar.
Quranın bəzi ayələrində Allahın təsbihi və həmdi yanaşı zikr olunur. Rüku və səcdənin zikrində də bu sözlər yanaşı işlədilir.
Sünnə əhlindən nəql olunmuş çoxsaylı rəvayətlərdə bildirilir ki, İslam Peyğəmbəri (s) göy gurultusu eşitdiyi vaxt sözünü saxlayar, dua edərmiş. Həzrət başqalarını da belə rəftar etməyə çağırmışdır.
Bəzən şimşək ilahi cəza olur və Səmud qövmü kimi günahkar qövmlərə nazil edilir.
Bildirişlər
1. Göy gurultusu da mələk kimidir. O da agahlıqla, şüurla təsbih deyir. Bu səbəbdən də "rəd” (göy gurultusu) və "mələk” sözləri yanaşı zikr olunmuşdur.
2. Mələklərin təsbihi allahpərəstlik və Allah qorxusuna əsaslanır.
3. Şimşək və şimşək vurması təsadüfi bir iş deyil. Bu hadisə Allahın istəyi ilə, Onun qanunları əsasında baş verir.
4. İnadkar insan üçün şimşək kimi təhlükəli şey yoxdur.
5. Allaha qarşı hiylə və höcət fikrinə düşməyin. Onunla qarşı-qarşıya dayanmaq mümkünsüzdür.
6. Bəzən tədbir və hiylə müsbət yönümə malik olur. Bəzi insanlara qarşı ən ciddi tədbirlər görülməli və proqramlar hazırlanmalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.