"İnsan üçün onu öndən və arxadan ardıcıl olaraq Allahın əmrindən hifz edən mələklər var. Həqiqətən, bir qövm öz halını dəyişməyincə Allah o qövmün halını dəyişməz. Allah bir qövmə zərər istəsə, onun üçün heç bir dönüş yoxdur. Ondan başqa qarşısında heç bir dost, hami yoxdur.”
Nöqtələr
"Müəqqibat” sözündəki "ta” hərfi "əlamət” sözündə olduğu kimi mübaliğə üçündür. Ona görə də "yəhfəzunəhu” kişi cinsində işlədilmişdir. "Müəqqibat” dedikdə insanın təqibi yox, mələklərin gecə-gündüz ardıcıl gəlişi nəzərdə tutulur.
"Əmrillah” dedikdə Allahın qəhr və əzabı nəzərdə tutulmamışdır. Mələklərin insanı Allahın cəzasından qoruması mənasız bir işdir. "Əmrillah” dedikdə Allahın məxluqu olan təbiət hadisələri nəzərdə tutulur. Əlbəttə ki, bu hadisələr də Allahın istək və iradəsindən asılıdır.
Ayə və rəvayətlərdə bir çox mələklər yada salınır. Onlar arasında insanın canını qoruyan, işləri qeydə alan, insanı Allahın iradəsi ilə qətiləşməmiş təhlükələrdən qoruyan mələklər var. Rəvayətlərdən məlum olur ki, Allahın qəti iradəsi yetişdikdə hifz edən mələklər öz işini dayandırıb insanı Allahın qəti əcəlinin ixtiyarına verir. Demək, Allahın əmr və göstərişi iki növdür: qəti və qeyri-qəti. Mələklər insanı yalnız qeyri-qəti hadisələrdən qoruyur. Əlbəttə ki, bu sayaq mühafizə insanın ixtiyarını əlindən almır. İnsanların və ümmətlərin taleyi onların öz əlindədir.
Mələklər insanın həm canını, həm də əməl və rəftarını hifz edir. Onlar insanın iman və düşüncəsini şeytanın vəsvəsələrindən qoruyur. "Yəhfəzunəhu” həm ruha, həm də cismə aiddir.
İmam Səccad (ə) bu ayəyə işarə ilə buyurur: "Neməti dəyişən günahlar bunlardır: xalqa zülm, Allaha naşükürlük, insanın adət etdiyi xeyir işlərin boşlanması.”
Bu ayə ayrı-ayrı insanlara yox, bəşər cəmiyyətinə aiddir. Yəni saleh cəmiyyət Allahın bərəkətinə çatır, azğın cəmiyyət Allahın qəhr-qəzəbinə düçar olur. Amma bu qayda saleh fərd və qeyri saleh fərdə münasibətdə ödənmir. Saleh bir insan imtahan olaraq çətinliyə düşə bilər və ya qeyri saleh insan möhlət alaraq azad buraxıla bilər.
Bildirişlər
1. Allah insanı özbaşına buraxmır.
2. İlahi mələklərdən bir dəstəsi insanların mühafizidir.
3. Allah insanı bilərəkdən özü üçün vücuda gətirdiyi hadisələrdən yox, gözlənilməz hadisələrdən hifz edir.
4. Növbənöv təhlükələr və hadisələr insanı əhatə etmişdir.
5. Allah əta etdiyi neməti geri almır, xalq özü nemətə qarşı naşükürlüklə onu əldən verir.
6. Şans, bəxt, fal və nücum sorağınca getməyin, sizin taleyiniz Allahın əlindədir.
7. Nə qədər ki, insan nemətə qarşı küfr etməyib, Allah onu qoruyur. Yalnız nemətə qarşı küfrdən sonra insan ilahi lütfdən məhrum qalır, özbaşına buraxılır.
8. Zahiri nemətlərdən faydalanma nəfsani kamilliklər və batini hallardan asılıdır.
9. Allahın istəyi bütün istəklərin fövqündədir.