Əl-Bəqərə surəsi - Ayə: 185

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 185
Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 185. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 185 MÖHSÜN QƏRAƏTİ.

"Ramazan ayı bir aydır ki, Quran onda nazil olmuşdur. (Quran) aşkar dəlillərlə xalqı hidayət edən və haqqı batildən ayıran vasitədir. Sizlərdən hər kəs bu aya yetişsə oruc tutmalıdır. Xəstə və ya səfərdə olan şəxs başqa günləri həmin sayda oruc tutsun. Allah sizin üçün çətinlik yox, asanlıq istəyir. (Orucun qəzası) onun üçündür ki, müəyyən olmuş günlərin sayını tamlaşdırasınız və sizi hidayət etdiyi üçün Allahı yada salasınız. Bəlkə şükür edən olasınız.”
Nöqtələr
"Ramazan” sözü yandırmaq mənasını verən "rəmz” kökündəndir. Bu elə bir yanmadır ki, tüstüsü və külü olmur. Uyğun sözün bu ay haqqında işlədilməsinin səbəbi həmin ayda insanın günahlarının yanmasıdır.
Ramazan ayı Quranın nazil olduğu aydır. Bu ay Quranda adı çəkilən yeganə aydır. Qədr gecəsi də bu aydadır. "Təfsiri-Bürhanda” həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: Bütün səmavi kitablar ramazan ayında nazil olmuşdur. Ramazan ayı Allahın ən üstün ayıdır.” Həzrət Peyğəmbər (s) şəban ayının axırıncı cümə günü Ramazan ayının əzəməti haqqında müfəssəl bir xütbə oxumuşdur. Bu xütbə bəzi təfsir və rəvayət kitablarında nəql edilmişdir.(Bax: "Bəqərə”, 116.) "Səhifeye-Səccadiyyədə” də imam Səccadın (ə) Ramazan ayının sona yetməsi ilə bağlı qəlb alovlandıran bir münacatı vardır.
İslam asan bir dindir və onun bünövrəsi çətinliklər üzərində qurulmamışdır. Kim xəstə və ya müsafirdirsə, oruc tutmamalıdır. Belələri buraxdıqları günlərin sayı qədər növbəti günlərdə qəza orucunu yerinə yetirməlidirlər. Əgər dəstəmaz almaq çətindirsə, təyəmmüm etmək olar. Əgər namazda ayaq üstə durmaq çətinlik yaradırsa, oturaq halda namaz qılmağa icazə var. Bu qanun fiqhdə "qaideyi-la hərəc” adı ilə məşhurdur.
Ramazan ilahi qonaqlıq ayıdır.
Ramazanda möminlər "ya əyyuhəlləzinə amənu kutibə ələykumus-siyam” dəvətnaməsi ilə ilahi qonaqlığa çağırılmışlar. Bu qonaqlığın xüsusiyyətləri vardır:
1. Süfrə sahibi Allahdır. O, qonaqları Özü şəxsən dəvət etmişdir.
2. Qəbul vasitəsi Qədr gecəsi Quranın nazil olması, mələklərin enməsi, duaların qəbulu, ruhların lətafəti və cəhənnəmdən uzaqlıqdır.
3. Qəbul zamanı Ramazan ayıdır. Rəvayətlərin bildirdiyinə görə, onun əvvəli rəhmət, ortası bağışlanma, sonu isə mükafatdır.
4. Qədr gecəsi qəbul belədir ki, həmin gecə qonaqların bir illik ehtiyacı təmin olunur. Mələklərin nazil olması ilə Qədr gecəsində yer üzü zinətlənir.
5. Bu ayın qidası ruhi qidadır və mənəvi təkamül üçün bu qida zəruridir. Bu qonaqlığın qida lütfü Quran ayələridir. Ramazan ayında tilavət olmuş bir ayə digər aylarda bütün Quranı oxumağa bərabərdir.
Bu qonaqlığın dünyəvi qonaqlıqlara heç bir oxşarı yoxdur. Bu qonaqlıqda alim, qəni, xaliq, əbədi, əziz, cəlil Allah cahil, fəqir, fani, yaranmış və zəlil insanları süfrə ətrafına toplayır. O buyurur: "Mən sizin dualarınızı qəbul edər və Ramazan ayında çəkdiyiniz hər nəfəs üçün bir təsbih mükafat əta edərəm.” (Peyğəmbərin Şəban xütbəsindəki axırıncı cümləsindən.)
Qonaqlığın ədəbləri:
"Vəsailuş-şiədə” oruc tutan şəxsin əxlaqı haqqında geniş bir rəvayətdə oxuyuruq: "Oruc şəxs yalandan, günahdan, yersiz mübahisədən, həsəddən, qeybətdən, haqqa qarşı çıxmaqdan, söyüşdən, danlaqdan, qəzəbdən, tənədən, zülm və xalqa əziyyətdən, qəflətdən, günahkarlarla ünsiyyətdən, söz gəzdirməkdən, haram yeməkdən uzaq olsun. Namaz, səbir və sədaqətə, qiyamətin xatırlanmasına xüsusi diqqət yetirsin.”(Bax: "Ər-rəhman”, 29. )
Bu qonaqlıqda iştirakın şərti təkcə aclığa dözüm deyil. Hədisdə nəql olunmuşdur: Səmavi rəhbərlərin itaətindən çıxan, ailə və şəxsi məsələlərdə zövcəsi ilə pis rəftar edən, onun şəri istəklərini yerinə yetirməyən, valideynini narazı salan kəsin orucu qəbul deyil. Belə şəxs ilahi ziyafətin şərtlərini yerinə yetirməmişdir.
Oruc bədəndən çöküntü maddələri çıxarmaq kimi tibbi faydaya malik olsa da, səhər oyanmaq, ruhun lətafəti, bu ayda duaların qəbulu başqa bir aləmdir. Əsil məhrum o şəxsdir ki, bütün bu xeyir və bərəkətlərdən məhrum qalsın.
Bildirişlər
1. Ramazanı dəyərli edən həmin ayda Quranın nazil olmasıdır. İnsan da elə dəyərli ola bilər ki, Quran onlara nüfuz etmiş olsun.
2. Hidayətin mərhələləri vardır: biri ümumi mərhələ, digəri xüsusi mərhələ.
3. Ramazan ayının çatmasına əminlik yarandıqda oruc vacib olur.
4. Xəstə və müsafir üçün orucun qəzasını tutmaq vacibdir.
5. Qəza orucu üçün xüsusi bir vaxt təyin olunmayıb.
6. İlahi hökmlərdə onların yüngüllüyü və insanın taqəti nəzərə alınıb.
7. Çətinlik və sıxıntı vacib vəzifələri insanın çiynindən götürür.
8. Qəza orucu üzürlü günlərin sayı qədər olmalıdır.
9. İbadətin yerinə yetirilməsində hidayət və tovfiq Allah tərəfindəndir. Təkbir Allahın uca tutulmasını və Ondan qeyrilərinə diqqətsizliyin göstəricisidir.
10. Oruc, insanın hidayəti və şükür etməsi üçün zəmin yaradır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.