Əl-Bəqərə surəsi - Ayə: 178

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 178
. Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın. Beləliklə kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 178. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 178 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! Qətlə yetirilənlər haqqında sizin üçün qisas (qanunu) müəyyənləşdirildi: Azad müqabilində azad, qul müqabilində qul, qadın müqabilində qadın. Əgər bir şəxsi (din) qardaşı əfv etsə (və ya qisas qanbahası ilə ödəsə) bəyənilmiş bir yol seçməlisiniz. (Qətlə yetirilənin sahibinə diyə) yaxşılıqla ödənməlidir. Bu hökm Allahınız tərəfindən yüngülləşdirmə və mərhəmətdir. Belə ki, bundan sonra təcavüz edən kəs üçün dərdli əzab vardır.”
Nöqtələr
"Qisas” davam mənası verən "qəss” sözündəndir. Ona görə də davamlı və ardıcıl əhvalata qissə deyilir. Qatil cəzalanadək qətlin ardınca getmək qisas adlanır.
Bütün cəmiyyətlərdə bilərəkdən və ya bilməyərəkdən qətllər baş verir. İslam kimi kamil bir din belə hadisələr müqabilində ədalətli və məntiqi proqrama malik olmalıdır. Yalnız dəqiq münasibətlə bu hadisələrin təkrarlanmasının, eləcə də, yersiz intiqamların, sui-istifadələrin qarşısını almaq olar. Düzgün münasibət göstərildikdə qatillər cürətlənməz, məzlumun qanı hədərə getməz. İslamdan qabaq cahiliyyət dövründə bir nəfərin qətli səbəbindən bütöv bir qəbilə qana bələşər, uzun-uzadı savaşlar gedərdi. İslam bu ayədə bəyan olunmuş göstərişlə həm xalqın qanının qorunmasını, həm tərəflərin razılığını, həm də hədlərə riayəti nəzərdə tutur. Əlbəttə ki, qisas qanunu bağışlanmaya yer qoymadan ilahi hökm deyil. Bu qanun mal sahiblərinin haqqını təmin edir və onlar diyə almaqla və ya diyəsiz haqlarından keçə bilərlər.
Sual: Nə üçün qisas qanununda cinslər nəzərə alınır? Nə üçün qatil kişi, qətlə yetirilən qadın olduqda kişidən qisas alınmır?
Cavab: Qadın və kişinin qətlə yetirilməsi ilahi, insani və axirət cəzası baxımından eynidir. Fərq isə dünyəvi cəzalardadır. Bu fərqi doğuran səbəb kişilərin, adətən, ailə başçısı olmasıdır. Onların qətli bütün ailəyə iqtisadi zərbədir. Qanun qadının ailə təminatçısı olması kimi nadir hallara yox, ümumi vəziyyətə əsaslanır.
Bildirişlər
1.Dini hökmlərin gerçəkləşməsi üçün dini hökumət lazımdır. Qüdrət və hakimiyyət olmadan qisas qanununun icrası mümkünsüzdür.
2. Qisas qanununda bərabərlik və ədalət üsulu diqqət mərkəzindədir.
3. Qətiyyət və ülfət (mərhəmət) birlikdə zəruridir.
4. İslami hüquqlar islami əxlaqdan təcrid olunmamışdır.
5. İslam yəhudilər kimi qisası yeganə çıxış yolu bilmir, məsihilər kimi ən yaxşı yol bağışlamaqı saymır. İslam bu məsələni daha dərindən və əhatəli nəzərdən keçirir, qisas, qan bahası və bağışlama kimi tədbirləri bəyan edir.
6. Qatilin bağışlanmasının, qisasın qan bahası ilə əvəz olunmasının caizliyi sizin tərbiyəniz üçündür.
7. İlahi hədlərə təcavüz və onlardan sui-istifadə qadağandır.
8. Qanunu yüngülləşdirdikdə sui-istifadənin qarşısını alın.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.