Əl-Bəqərə surəsi - Ayə: 180

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 180
Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 180. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 180 MÖHSÜN QƏRAƏTİ.

"Sizin üçün müəyyənləşdirilib ki, birinizin ölümü çatdıqda ondan bir mal qalmış olarsa, bəyənilmiş şəkildə ata-anası və yaxınlarına vəsiyyət etsin. Bu, təqvalıların üzərində olan bir haqdır.”
Nöqtələr
Bəziləri elə düşünürlər ki, insan vəsiyyət etdikdə tez ölür. Hansı ki, vəsiyyət bir növ uzaqgörənlikdir. "Ölüm zamanı vəsiyyət edin” buyuruğunda məqsəd budur ki, ölüm axır fürsətdir. Əslində isə insan ölümündən neçə illər qabaq vəsiyyət edə bilər.
Bəziləri vəsiyyət edilməsini vacib saymışlar. Amma "müttəqilər üzərində olan bir haqdır” cümləsindən məlum olur ki, bu əməl müstəhəbdir. Əks təqdirdə "müttəqilər” əvəzində "möminlər" kəlməsi işlənərdi.
Bu şərif ayədə "mal” kəlməsi əvəzinə "xeyir” kəlməsindən istifadə olunmuşdur. Bununla nəzərə çatdırılır ki, var-dövlət xeyir və yaxşılıq mayasıdır. İslamda tənqid olunan isə haram mal və ya var-dövlətə ifrat bağlılıqdır. Pislənilən isə var-dövlətin fərdi və ictimai kamilliklərdən üstün tutulması, ya da mal əldə olunması üçün xalqın istismarıdır.
Vəsiyyət layiqli, ağılyana olmalıdır. Vəsiyyətdə kinə, intiqama, yersiz mehr-məhəbbətə yol vermək olmaz. İrsdən yalnız bəzi yaxınlar və müəyyən miqdarda bəhrələndiyindən İslam göstəriş verir ki, qohumlar arasında irsdən məhrum olanlar varsa və ya kiməsə irs payı düşürsə, vəsiyyətlə həmin adamların payını artırmaq yaxşıdır. Amma vəsiyyətdə ədaləti gözləməyən, zülmə yol verən insan böyük günah etmişdir.(Nəhcül-fəsahə, c. 626. )
Rəvayətlərdə nəql olunur ki, bir şəxs körpə uşaqları olduğu halda bütün mülkünü Allah yolunda bağışladı. Həzrət Peyğəmbər (s) bu hadisədən xəbər tutub soruşdu ki, "həmin şəxs öləndə nə etdiniz?" Dedilər ki, "onu dəfn etdik." Həzrət buyurdu: "Əgər mənə əvvəlcədən desəydiniz, onun müsəlman qəbristanlığında dəfninə icazə verməzdim. Çünki bu şəxs bir bu qədər övladı olduğu halda onlar üçün heç bir şey qoymamış, varını-yoxunu Allah yolunda vermişdir.”("Təfsiri-Ətyəbul-bəyan”.)
Vəsiyyət dəqiq bir işdir. Bu işdə (Allah eləməmiş) diqqətsizliyə yol verilsə, sonradan fitnə və narahatlıq yaranar. Qeyri-dəqiq vəsiyyət səbəbindən bir sıra xeyir işlər məhv olar. Həzrət peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Bəzən altmış il ibadət etmiş şəxs vəsiyyətini ədalətlə tənzimləmədiyindən cəhənnəmə gedər.”("Vəsail”, c. 13, s. 252. )
Vəsiyyət onu göstərir ki, insanın malikliyi hətta onun ölümündən sonra da var-yoxunun bir hissəsi üzərində davam edir.
İnsan öz var-yoxunun üçdə birini vəsiyyət edə bilər. Əgər bir şəxs bu həddi aşmaq istəyirsə, öz vərəsələrindən icazə almalıdır. Necə vəsiyyət etməyi öyrənmək üçün ilahi övliyalar, şəhidlər və alimlərin vəsiyyətlərini oxumaq yaxşı olar.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əgər bir şəxs başqa birinin vəsiyyətini yerinə yetirəcəyini öhdəsinə götürsə, amma sonradan heç bir üzrü olmadan bu işi boynundan atsa, onun heç bir əməli qəbul olunmaz. Göylə yer arasındakı bütün mələklər ona lənət edər. Bu şəxs daim Allahın qəzəbindədir. Onun dediyi "Ya Rəbb” sözünə bir lənət göndərilər. Onun əvvəlki bütün yaxşı işlərinin savabı vəsiyyət edənin naməsinə yazılar.”("Təfsire-Nurus-səqəleyn”, c. 1, s. 159. )
Vəsiyyətin təsir və bərəkətləri:
1.Vəsiyyət diqqət və hesab-kitablı olmaq nişanəsidir.
2. Vəsiyyət başqalarının hüquqlarına hörmət əlamətidir.
3. Vəsiyyət yaddan çıxarılmış xeyir işlərin görülməsi və ölümdən sonra saleh əməlin davamıdır.
4. Vəsiyyət iqtisadi boşluqların doldurulması və mülkün tarazlaşdırılmasıdır.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs dünyadan vəsiyyət edib gedərsə, sanki şəhid olaraq ölmüşdür.”(Кафи”, ҹ. 2, с. 18. )
Valideyn və yaxınlar üçün vəsiyyət məhəbbətin təravətlənməsi, bir növ qədirdanlıq amilidir. Ona görə də vəsiyyət ayəsinin əvvəlində valideyn yada salınır. Vəsiyyət elə tənzimlənməlidir ki, onlara irs payından əlavə də nə isə çatsın. Bu da ehsanın nümunələrindəndir.
Vəsiyyətin növləri:
1. Vacib: Məsələn, Allah haqqının, xalqın haqqının, qəza namazının və digər ibadətlərin, xüms və zəkat kimi vacib haqların, borcların yerinə yetirilməsi haqqında vəsiyyət;
2. Müstəhəb: Məsələn, xeyriyyə işləri üçün vəsiyyət;
3. Mübah: Məsələn, övladlara peşə, geyim, qida haqqında vəsiyyət;
4. Məkruh: Məsələn, qəbir üzərində məqbərə tikilməsi haqqında vəsiyyət;
5. Haram: Məsələn, fəsad mərkəzlərinin yaradılması, azdırıcı kitabların nəşri haqqında vəsiyyət.
Bildirişlər
1. Ölüm insanın dünya həyatına son qoysa da, vəsiyyət kimi işlər onun əməl naməsini açıq saxlayır.
2. Mal və sərvət düzgün yolda sərf edilərsə, xeyirdir.
3. Vəsiyyətdə irsdən əlavə, valideyn və yaxınlar üçün pay ayrılmalıdır.
4. Vəsiyyət cəmiyyətdə bəyənilmiş adət əsasında olmalıdır.
5. Vəsiyyətin tərk olunması başqalarının haqlarına münasibətdə təqvasızlıq növüdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.