Əl-Bəqərə surəsi - Ayə: 184

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 184
Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). Və oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir «mudd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 184. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 184 MÖHSÜN QƏRAƏTİ.

"Bir neçə sayı müəyyən gün, (sizin üçün oruc qərar verildi.) Amma hansınız xəstə və ya səfərdə olsa, digər günlər həmin sayda (oruc tutsun). Oruc tutmağa taqəti olmayanlar (xəstələr, qoca kişi və qadınlar) kəffarə verməli, miskini doyurmalıdırlar. Hər kəs öz meyli ilə çox yaxşılıq etsə, onun üçün daha yaxşıdır. Amma əgər (orucun əsərlərini) bilsəniz, (anlayarsınız ki,) oruc tutmaq sizin üçün yaxşıdır. (Heç vaxt orucunu üzürlü səbəbdən yeyənlərə qibtə etməzsiniz.)
Nöqtələr
Ərəb dili qrammatikasında "ifal” babının mənalarından biri "aradan götürülmə"dir. Məsələn, lallıq mənasını verən "ucmə” sözü "ifal” babında "icam” olur. Bu söz lallığın aradan getməsini bildirir. Bu ayədəki "yutiqunə” sözü də güc-qüvvənin götrülməsini bildirir.
Allah əmrinə təslimçilik bir dəyərdir. Əgər oruc tutmaq əmr olunursa oruc tutmalıyıq, əgər iftar etmək hökm olunursa orucumuzu açmalıyıq.
"Məcməul-bəyanda” nəql olunur: Peyğəmbərin səhabələrindən bir dəstəsi hətta səfərdə də oruc tutur və öz oruclarını açmaq istəmirdilər. Həzrət Peyğəmbər (s) onları günahda suçladı. İmam Sadiq (ə) buyurmuşdur: "Əgər bir şəxs səfərdə oruc tutsa, mən onun cənazəsinə namaz qılmaram.” "Təfsiri-Qurtubi”də də nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) Ramazan ayı Mədinədən Məkkəyə səfər edərkən yolda su istədi. O, su qabını əlinə götürdü ki, xalq bunu görsün. Hamı bunu müşahidə etdikdən sonra həzrət su içdi.
İstənilən halda müsafir və ya xəstə insan oruc tutarsa, bu oruc batildir və onun qəzasını yerinə yetirmək lazımdır.("Təfsiri-Bürhan”, c. 1, s. 182. "Bihar”, c. 96, s. 356. ) İmam Sadiq (ə) buyurmuşdur: "Hətta körpəsinin süd əmməsindən və ya bətnindəki körpədən nigaran olarsa, orucunu iftar etməlidir. Bu, Allahın lütf nişanəsidir.”("Vəsail”, c. 7, s. 119. )
Bildirişlər
1. İslamın istənilən bir şəraitdə, istənilən bir fərd üçün münasib qanunları var. Bu ayədə müsafirlərin, xəstələrin və qocaların hökmü bəyan olunmuşdur.
2. Şərait hökmün, təsirlərin və mənafelərin fəlsəfəsini biryolluq aradan aparmamalıdır. Əgər xəstə və ya müsafir şəxs bir şəraitdə oruc tuta bilmirsə, başqa bir vaxt həmin orucun qəzasını yerinə yetirməlidir. Orucun faydasından biryolluq məhrum qalmaq olmaz.
3. Səfər məqsədi öz-özlüyündə oruca mane olmur. Orucu pozmaq üçün səfərə çıxmaq zəruridir.
4. Orucun qəzalarının xüsusi vaxtı yoxdur.
5. Qüvvə vəzifə şərtidir.
6. Fəqirlərin yedirdilməsi əhkam mətnində yerləşdirilmişdir.
7. Yalnız həvəslə yerinə yetirilən ibadətlər inkişaf və Allaha yaxınlıq səbəbidir.
8. İlahi göstərişlər ən aşağı hədləri hamıya vacib etmişdir. Yuxarı dərəcələr isə insanın öz ixtiyarındadır. Ayədə bir acı doyurmaq vacib, birdən artığını yedirtmək isə müstəhəb əməl ünvanı ilə insanın ixtiyarında qoyulmuşdur.
9. İlahi göstərişlərin yerinə yetirilməsinin Allaha yox, insana aid müsbət təsirləri var.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.