Əl-Bəqərə surəsi - Ayə: 181

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 181
Odur ki, kim onu (həmin vəsiyyəti) eşitdikdən sonra dəyişdirsə (tərk və ya təhrif etsə), günahı yalnız onu dəyişdirənlərin boynunadır. Şübhəsiz, Allah eşidən və biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 181. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 181 MÖHSÜN QƏRAƏTİ.

"Hər kəs onu (vəsiyyəti) eşitdikdən sonra dəyişsə, bunun günahı yalnız onu dəyişənlərin öhdəsinədir. Həqiqətən, Allah eşidən və biləndir.”
Nöqtələr
Bu ayə vəsiyyəti dəyişmək istəyənlərə bir xəbərdarlıqdır. Əgər bir şəxs vəsiyyətin mətnindən xəbərdar olduqdan sonra onun icrasında dəyişikliklərə yol verərsə, bu dəyişiklik həmin ləyaqətsiz işi görənin boynunadır. Vəsiyyət edən isə etdiyi vəsiyyət əsasında əvəz alır. Məsələn, bir şəxs vəsiyyət edir ki, yüz fəqirə yardım edilsin. Vəsiyyəti icra edənlər buna əməl etməsələr, bu halda vəsiyyət edən şəxs yüz fəqirə yardımın savabını alır. Vəsiyyətdən xəbər tutmadan fəqirlər üçün vəsiyyət olunmuş payı alanlar üçün də günah yoxdur. Bu işdə yeganə günahkar vəsiyyəti dəyişib, fəqirin payını başqalarına verənlərdir. Elələri bilməlidirlər ki, Allah eşidən və biləndir, xəyanətlərinin cavabını dünya və axirətdə alacaqlar.
Hədisdə oxuyuruq: "Vəsiyyət yəhudi və məsihilərin xeyrinə də olsa, onu dəyişməyin.”
Bildirişlər
1. Başqalarının hər hansı vəsiyyəti dəyişməsi haramdır.
2. Mülkiyyət haqqı hətta insanın ölümündən sonra da möhtərəmdir. Vəsiyyəti dəyişməyə kimsənin haqqı yoxdur.
3. Bilərəkdən, qərəzlə edilən günah təhlükəlidir.
4. Vəsiyyət edərkən şahid tutmaq lazımdır.
5. Başqaları vəsiyyəti yerinə yetirməsələr də, vəsiyyət edənlər əvəz alırlar.
6. İnsanın Allah hüzurunda olduğuna inanması təqvanın və vəsiyyəti dəyişməməyin ən üstün amilidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.