Əl-Bəqərə surəsi - Ayə: 190

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 190
Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 190. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 190 MÖHSÜN QƏRAƏTİ.

"Allah yolunda sizinlə döyüşənlərlə döyüşün. Amma həddi aşmayın. Allah həddi aşanları (təcavüzkarları) sevmir.”
Nöqtələr
Bu ayədə təcavüzkarlarla mübarizənin zəruriliyi bildirilməklə yanaşı, xatırladılır ki, döyüş meydanında ilahi hədləri aşmaq, xəstələrə, qadınlara, uşaqlara, yaşlılara əziyyət vermək olmaz. Bəyan olunur ki, onları İslama dəvət etməmişdən qabaq silaha əl aparmayın, savaşa başlamayın. Bəşəri dəyərləri hətta savaş meydanında da gözləmək lazımdır.
Bəzi sifətlər müəyyən şəraitdə öz dəyərini itirir. Məsələn, mərhəmət bir dəyərdir. Amma yırtıcı canavara mərhəmət qoyunlara qarşı zalımlıqdır. Elm də bir dəyərdir. Amma bəzən bilməmək özü dəyər olur. Məsələn, həzrət Peyğəmbər (s) hicrət etdiyi vaxt onun yerində yatan Əli (ə) öləcəyini və ya qalacağını bilmirdisə, bu bir dəyər idi. Əgər həmin yataqda yatanın ölməyəcəyi məlum olsaydı, adi adamlar da bu işi görərdi. Bir sözlə, əksər sifətlər şəraitdən asılı olaraq dəyər baxımından dəyişir. Ədalət yeganə sifətdir ki, hər zaman, hər yerdə, hamıya qarşı eyni dəyərə malikdir.
İslamda düşmənlə qarşılaşmaq üçün mərhələlər təyin olmuşdur: Etinasızlıq (bax: "Əhzab”, 48), üz çevirmək (bax: "Nisa”, 63), sərtlik (bax: "Tövbə”, 73), savaş (bax: "Bəqərə”, 190)
Müsəlmanlar özlərini və Allahın dinini müdafiə etmək üçün savaşırlar. Düşməninsə məqsədi Allah nurunu söndürməkdir. (bax: "Səff”, 8) Onların bir məqsədi də müsəlmanları təslim etməkdir. (bax: "Bəqərə”, 120)
Bildirişlər
1. Qarşı tərəfə eynən onun kimi cavab vermək ("müqabilə və misal”) insanlıq haqqıdır. Əgər bir şəxs bizimlə savaşırsa, biz də onunla savaşırıq.
2. İslamda savaş məqsədi su, torpaq, almaz, istismar və intiqam deyil. Məqsəd fəsadcıl ünsürləri aradan götürməklə, düşüncələri xürafatdan azad etməklə haqqın müdafiəsidir.
3. Savaşda da ədaləti və haqqı gözləmək lazımdır. Quran "la tətədu” cümləsi ilə göstərişləri yerinə yetirərkən hədlərin pozulmamasını dəfələrlə sifariş etmişdir.
4. Zülm-sitəm ilahi məhəbbət bağlarını qırır.
5. Allaha yaxınlıq təkcə cəbhədə iştirakla yox, ədalətli savaşıb, haqlara riayət etməklə əldə olunur.
6. Savaşda hədəf yalnız Allah olmalıdır. Nəfs istəklərinə, təəssüblərə, qənimətlərə, riyakarlığa uymamalıyıq.
7. Hətta təbii haqların müdafiəsində də Allah unudulmamalıdır. Onlar sizə hücum etsələr də, siz müdafiə olunmalı, Allahın razılığı üçün çalışmalısınız.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.