Əl-Bəqərə surəsi - Ayə: 186

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 186
Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 186. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 186 MÖHSÜN QƏRAƏTİ.

"Əgər bəndələrim səndən Mənim haqqımda soruşsalar, (de ki,) həqiqətən, Mən yaxınam. Mənə üz tutanın duasını Məni çağırdığı vaxt cavablandırıram. Belə isi, Mənim dəvətimi qəbul etməli və Mənə iman gətirməlidirlər. Bəlkə yetkinləşələr.”
Nöqtələr
Bəziləri Allahın rəsulundan soruşurdular: "Allahı necə çağıraq? Allah bizə yaxındır, yoxsa uzaq? Onu yavaş çağıraq, yoxsa ucadan?" Onların cavabında bu ayə nazil oldu.
Dua edən kəs Allahın məhəbbətini elə cəlb edir ki, bu ayədə Allah Öz lütfünün izharı üçün altı dəfə "Özüm” təbirini işlədir: Əgər bəndələrim Özüm haqqımda söruşsalar, onlara de ki, Mən Özüm onlara yaxınam. Əgər Məni çağırsalar, Özüm onların duasını qəbul edərəm. Belə ki, Özümə iman gətirsinlər və Öz dəvətimi qəbul etsinlər...
Bu məhəbbətli əlaqə o zaman yaranır ki, insan Allahla münacat etmək istəsin.
Dua etmək külli varlıqla yoldaş və həmrəngdir. Quran ayələrinə əsasən, bütün varlıq aləmi təsbih və qünutdadır.(Bax: "Ğafir”, 14. ) bütün mövcudlar öz ehtiyacını Onun dərgahına izhar edir.(Bax: "Əraf”, 56. ) Biz də Ondan istəyək ki, varlıq aləmində ixtilaf vasitəsi olmayaq.
Quranda dua haqqında sifarişlər vardır. O cümlədən:
1. Dua və istək xalisanə olmalıdır.(Bax: "Ənbiya”, 90. )
2. Dua qorxu və ümidlə müşayiət olunmalıdır.(Bax: "Əraf”, 55.)
3. Dua eşq, rəğbət və qorxu ilə yanaşı gerçəkləşməlidir.(Bax: "Məryəm”, 3. )
4. İnsan zəlilliklə və gizli şəkildə dua etməlidir.(Kafi”, c. 2, "Kitabud-dua”. )
5. Dua gizlincə oxunmalıdır.("Bihar”, c. 77, s. 54. )
"Üsuli-Kafi”də duanın əhəmiyyəti, rolu, qaydaları barədə, dua zamanı diqqət, israr və istəklərin zikri haqqında, cəm halda dua və duanın qəbul olmasına iman barədə yüzlərlə hədis nəql olunmuşdur.("Bihar”, c. 104, s. 273. )
Sual: Nə üçün bəzən dualarımız qəbul olmur?
Cavab: Dualarımızın qəbul olmamasının səbəbi ya şirk, ya da cəhalətimizdir. "Təfsiri-Əl-Mizanda” oxuyuruq ki, Allah bu ayədə buyurmuşdur: "Özüm qəbul edərəm o dua edənin duasını ki, yalnız Məni çağırsın və tam ixlasla Məndən istəsin.”
Demək, dua qəbul olmadısa, bunun səbəbi ya xeyirsiz şey istəməyimiz, ya xalisliklə istəməməyimizdir. Başqalarından kömək gözləməklə edilən dua da qəbul olmur. Bəzən insan öz məsləhətinə olmayan şeylər istəyir. Rəvayətlərin buyurduğuna əsasən, bu halda həmin duanın əvəzinə bəlalar bizdən uzaqlaşdırılır. Bəzən də duanın nəticəsi gələcəyimizə və ya nəslimizə saxlanılır. Bəzən də duanın əvəzi axirətdə verilir.
"Üsuli-Kafi”də oxuyuruq: Haram yeyənin, əmr be məruf və nəhy əz munkəri tərk edənin, etinasız şəkildə dua edənin duası qəbul olmaz.
Dua o demək deyil ki, iş-güc, fəaliyyət tərk olunsun, Allaha təvəkkül təlaşla yanaşı olmalıdır. Hədisdə oxuyuruq: İşsizin duası qəbul olmaz.
Dua ayəsinin oruc ayələri arasında yerləşməsinin səbəbi bu ola bilər ki, Allah ayı ilə dua arasında yaxınlıq çoxdur.
Sual: Əgər Allahın işləri qanuna, sabit amil və sünnətlərə əsaslanırsa, duanın nə faydası var?
Cavab: Müsafirin namaz və orucu vətənində olan insanın namaz və orucundan fərqləndiyi kimi, dua edənin də halı Allahdan xəbərsiz insanın halından fərqlənir. Allahın lütfü birinciyə yox, ikinciyə aiddir. Bəli, dua və Allahla söhbət insanın tutumunu artırır. Necə ki, Allah övliyalarına təvəssül və onların ziyarəti insanın şəraitini dəyişir. Uşaq atası ilə olduqda təklikdə olduğu vaxtdan daha çox məhəbbət görür. Beləcə, dua, ziyarət və təvəssül şəraiti dəyişir. Amma bu o demək deyil ki, dua Allahın qəti qanunlarını gücdən salır.
Allahın öz bəndəsi ilə yaxınlığı haqqında Feyz Kaşani deyir:
Sordum: niyə pünhan qalmış o nur üz?
Dedi: üz açıqdır, əgər baxsa göz.
Dedim: çoxmu çəkər hicran, ayrılıq?
Dedi: nə qədər ki, gözdə var sarıq.
Bildirişlər
1. Dua hər yerdə və hər zaman faydalıdır. Çünki Allah buyurmuşdur: "Mən yaxınam”. (Müqəddəs yerlərdə dua ilə bağlı qeydlər duanın yalnız həmin yerdə qəbul olması yox, fəziləti bəyan edir.)
2. Allah bizə yaxındır. Bəs biz necə? Əgər bəzən Allahın qəzəbinə düçar oluruqsa, bunun səbəbi günahlara görə ondan uzaq düşməyimizdir.
3. Allah duaları xüsusi vaxtlarda yox, hər zaman qəbul edir. "Ucibu” davam nişanəsidir.
4. Allah hər şeyi bilsə də, bizim vəzifəmiz dua etməkdir.
5. Dua imanla yanaşı olduqda qəbul edilir.
6. Dua inkişaf və hidayət vasitəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.