"Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizin üçün də vacib edildi. Bəlkə təqvalı olasınız.”
Təqva günahdan çəkinmək mənasını bildirir. Əksər günahlar qəzəb və şəhvət kimi iki kökdən qaynaqlanır. Oruc bu iki meylin (qərizə) qarşısını alır. Ona görə də oruc vasitəsi ilə fəsad azalır, təqva isə yüksəlir.("Təfsiri-Əl-Minar”. )
Quran təfsirçilərinin və alimlərinin nəzərincə, "ey iman gətirənlər” xitabı ilə başlayan ayələr Mədinədə nazil olmuşdur və Mədinə ayələrindən sayılır. Oruc hökmü də cihad, zəkat hökmləri kimi (hicri) ikinci ildə verilmişdir.
Orucun təsir və bərəkətləri:
Təqva və allahpərəstlik orucun zahirdə və batindəki mühüm əsərləridir. Oruc yeganə gizli ibadətdir. Namazı, həcci, cihadı, zəkatı, xümsü xalq görür. Orucu izləmək isə mümkünsüzdür. Oruc insan iradəsini möhkəmləndirir. Bir ay müddətində yemək-içməkdən, bir çox nəfs istəklərindən kənarlaşan insan xalqın malına və namusuna münasibətdə özünə nəzarət edə bilir. Oruc mərhəmət hisslərinin güclənməsinə səbəb olur. Bir ay müddətində aclığı dadan insan yoxsulluq içində yaşayanların dərdinə şərik olur. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Oruc səbrin yarısıdır.”("Təfsiri-Ruhul-bəyan”. ) Adi insanların orucu yemək-içməkdən və cinsi yaxınlıqdan çəkinməkdir. Orucu bəyənilmiş şəkildə tutanlar isə orucu batil edən şeylərdən çəkinməklə yanaşı, böyüklü-kiçikli digər günahlardan da uzaqlaşırlar. Allahın xas bəndələri isə nəinki orucu pozan işləri görmür və günahdan çəkinir, hətta qəlblərini Allah zikrindən xali etmirlər.(Sahibe-Cəvahir”, Ayətullah Cavadinin dilindən. ) Oruc insanı mələklərə oxşadır. O, eynən mələklər tək yeyib-içmir, şəhvətdən uzaq olur.("Təfsiri-Məraği”, c. 2, s. 69. )
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs Ramazan ayında Allaha görə oruc tutsa, bütün günahları bağışlanar.”("Təfsiri-Məraği”, c. 2, s. 69. ) Qüdsi bir hədisdə nəql olunur ki, Allah-təala buyurmuşdur: "Oruc Mənim üçündür və Mən onun əvəzini verərəm."("Kafi”, c. 2, s. 100. )
Oruc o qədər əhəmiyyətlidir ki, rəvayətlərdə bir çox ibadətlərin savabı orucun savabı ilə müqayisə olunur.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 136. )Oruc əvvəlki ümmətlər üçün də vacib olmuşdur. Amma ramazan ayının orucu peyğəmbərlərə məxsusdur. Belə bir oruc bütün İslam ümməti üçün də vacib edilmişdir.("Bihar”, c. 69, s. 380. ) Nəql olunur ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur: "Hər bir şeyin zəkatı var və bədənlərin də zəkatı orucdur.”("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 164. )
1. Gözəl müraciət sözün qəbulunda təsirli bir addımdır.
"Məcməul-bəyanda” belə bir hədis nəql olunur: "Ey iman gətirənlər” xitabının ləzzəti orucun çətinliyini asanlaşdırır. Valideynlər istəsələr ki, övladları onların sözünə qulaq assın, onlara gözəl şəkildə müraciət etməlidirlər.
2. Çətin göstərişləri asan göstərmək təbliğ şivələrindəndir. Bu ayədə buyurulur: "Oruc göstərişi təkcə siz müsəlmanlara aid deyil." Bütün əvvəlki ümmətlər üçün olan bir göstəriş təkcə bir ümmət üçün olan göstərişdən asandır.
3. Quranda bir çox hökmlərin fəlsəfəsi, eləcə də orucun fəlsəfəsi bəyan olunmuşdur. Xalq gördüyü işin nəticəsini bildikdə daha həvəslə çalışır.