"Oruc gecələri zövcələrinizlə yaxınlıq sizə halal oldu. Onlar sizin, siz isə onların libasısınız. Allah sizin özünüzə xəyanət etdiyinizi bilirdi. (Bəzən qadağan olunmuş yaxınlığa yol verirdiniz). Tövbənizi qəbul etdi, (indi) onlarla yaxınlıq edin. Allahın sizin üçün müəyyənləşdirdiyini tələb edin. Ağ sap qara sapdan seçilənədək yeyin, için. Sonra orucu gecəyədək tamamlayın. Məsciddə mötəkif (oruc ağıza ibadət) olduğunuz vaxt zövcələrinizlə yaxınlıq etməyin. Bu, Allahın hədd və hökmüdür. (Təcavüz və günah məqsədi ilə ona yaxınlaşmayın. Allah öz ayələrini xalqa belə aydınlaşdırır. Bəlkə təqvalı olasınız.”
İslamın əvvəllərində Ramazan ayının həm gecə, həm gündüzü zövcə ilə yaxınlıq qadağan idi. Eləcə də, gecənin yalnız müəyyən saatı iftara icazə verilirdi. Əgər bir şəxsi həmin vaxt yuxu aparardısa, sonra iftar etmək icazəsi yox idi. Bəzi müsəlmanlar yaxınlıq qadağan olsa da, bu işi görürdülər. Amma bəziləri nə qədər ağır olsa da, oyandıqdan sonra gecə yeməkdən çəkinirdilər.
Peyğəmbərin yaxınlarından olan Mütəm ibn Cübeyr xörək gec hazır olduğundan iftar vaxtı yatmış, ayıldığı vaxt demişdi: "Artıq yemək haqqım yoxdur.” O, səhəri gün ac halda oruc tutdu. Belə bir vəziyyətdə Mədinə ətrafında xəndək qazmağa gedən bu şəxs iş əsnasında zəifləyib huşunu itirdi. Peyğəmbər çox narahat oldu. Bu ayə nazil oldu ki, dan yeri sökülənədək yemək azaddır və Ramazan gecələri zövcələrlə yaxınlığın eybi yoxdur. Allah bilir ki, bəndələri özlərinə xəyanət etdilər və onların səbri yoxdur. Bu səbəbdən də vəzifəni yüngülləşdirdi və bəndələrin keçmişini əfv etdi.
"Etikaf” dünyadan uzaqlaşmaq və Allaha sığınmaqdır. Həzrət Peyğəmbər (s) mövcud çətinliklərə baxmayaraq arabir məsciddə bir neçə gün mötəkif olar, ibadət edərdi. O, bu yolla öz ruhuna səfa verər, onu sakitləşdirərdi. Mötəkif olmayan halda da məsciddə yaxınlıq qadağandır. Nəzərə gəlir ki, "akifun” sözündə məqsəd məsciddə qalmaqdır. Burada etikaf kimi xüsusi ibadət nəzərdə tutulmamışdır.
Zövcənin libasa oxşadılmasında bir çox incə nöqtələr var:
- Libas forma, rəng və parça baxımından insana münasib olmalıdır. Zövcə də insanın oxşarı olmalı, onun fikri, əqidəsi, şəxsiyyəti ilə uyğun gəlməlidir.
- Libas zinət və aramlıq səbəbidir. Zövcə və övlad da ailədə aramlığın əsasıdır.
- Libas insanın eybini örtür. Ər də - arvad da bir-birlərinin eyblərini, nöqsanlarını örtməlidirlər.
- Libas insanı istidən, soyuqdan qoruyur. Həyat yoldaşı da ailə ocağında istiliyi saxlayır.
- Libassızlıq rüsvayçılıqdır. Subaylıq da azğınlıq və rüsvaylıq səbəbi olur.
- Soyuq havada qalın, isti havada yüngül libasdan istifadə olunur. Ər də, arvad da bir-birlərinin ruhi ehtiyaclarına münasib əxlaq və rəftarla cavab verməlidirlər. Əgər kişi əsəbidirsə, qadın onunla yumşaq rəftar etsin. Əgər qadın xəstədirsə, kişi onunla keçinsin.
- İnsan öz libasını çirkabdan qorumalıdır. Həyat yoldaşları da bir-birlərini günaha batmaqdan hifz etməlidirlər.
1. Hökmlərin yüngülləşdirilməsi və asanlaşdırılması İslam dininin xüsusiyyətlərindəndir.
2. Danışıqda ədəbi gözləmək Quranın xüsusiyyətlərindəndir. "Rəfəs” yaxınlıq məsələləri haqqındakı söhbət mənasındadır. Bu ayədə həmin söz yaxınlıq mənasında işlədilmişdir.
3. Nə vaxt bir yolu bağlamaq istədinizsə, şəri bir yolu açıq saxlayın. Çünki Allah Ramazan günü yaxınlığı qadağan etsə də, gecələr bunu caiz saymışdır. (Cinsi yaxınlıq hər ayın əvvəlində məkruh olsa da, Ramazan ayının əvvəlində müstəhəbdir. Bəlkə də bunun səbəbi əvvəlcə insanların təmini, sonra onlardan vəzifə tələbi olmuş olsun.)
4. Gündüz ibadət və gecə şəri ləzzət İslam dininin əhatəli olduğunu göstərir.
5. İslam təbii ehtiyaclara diqqətlə yanaşır.
6. Qadın və kişinin bir-birlərinə ehtiyacı ikitərəflidir. Onların hər biri təbii ehtiyacların ödənməsində o birinə möhtacdır.
7. Allah insanların ən cüzi işlərindən də xəbərdardır.
8. İnsan xətaya yol verəndir və ondakı cinsi meyl güclüdür.
9. Allahın əmrindən çıxmaq özünüzə qarşı xəyanət və zülmdür.
10. Övladlarınızın oğlan və qız olmasını Allah üçün vəzifə müəyyənləşdirməyin.
11. Cinsi yaxınlıq da məqsədli olmalıdır.
12. İslami hökmlərin meyarı ümumi, təbii və sadə meyarlardır. Sübh ağartısını və ya gecənin qaralmasını hər bir şəxs istənilən bir yerdə təyin edə bilər.
13. İbadətlərdə müəyyənləşdirilmiş vaxtların roluna diqqətsiz olmayın.
14. Etikaf məsciddə ibadət üçün qalmaqdır. Mötəkif şəxs həm də oruc tutmalıdır.
15. Günahın qarşısı alınmalıdır. Quran buyurmuşdur: Günaha yaxınlaşmayın. Çünki günaha yaxınlaşmaq günaha batmaqla yanaşıdır.
16. Təqva ilahi hökmlərin fəlsəfəsidir. Oruc təqva üçündür. Şəri cinsi yaxınlıq da təqvaya xatirdir.
17. İlahi göstərişlərə əməl inkişaf və təqva üçün zəminədir.