Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Hədid surəsi" üzrə
29 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Hədid surəsi
Ayə 1
Göylərdə və yerdə nə varsa (canlı və cansız varlıqların hamısı, hər biri öz dilində) Allahı pak sifətlərlə mədh edir. O yenilməz qüdrət və (xilqət və idarəetmədə) möhkəm yaradılış sahibidir.
Əl-Hədid surəsi
Ayə 2
Göylərin və yerin həqiqi mülkiyyəti və mütləq hakimiyyəti Ona məxsusdur. (Çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun ixtiyarındadır.) Öldürür və dirildir. O hər bir şeyə qadirdir.
Əl-Hədid surəsi
Ayə 3
O, əvvəl və axır (hamıdan əvvəl olan və hamıdan sonra qalan, səbəblər silsiləsinin əvvəli, nəticələrin döndüyü axır və son), (əlamətləri və sifətlərinin təzahürü baxımından) aşkar və (zatının həqiqəti baxımından) gizlindir. O, hər şeyi biləndir.
Əl-Hədid surəsi
Ayə 4
Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir.
Əl-Hədid surəsi
Ayə 5
Göylərin və yerin (yaradılması, qorunması, idarə və yox edilməsi Onun əlində olduğu üçün onların) həqiqi malik və sahibi Odur. Və (varlıq aləminin) bütün işlər(i və səbəblər silsiləsi səbəblər səbəbi olan) Ona tərəf qaytarılır.
Əl-Hədid surəsi
Ayə 6
Gecəni (qışın əvvəlindən yayın əvvəlinə kimi altı ay ərzində tədricən) gündüzə daxil edir və (digər altı ayda yayın əvvəlindən qışın əvvəlinə kimi) gündüzü (tədricən) gecəyə daxil edir. O, ürəklərdə olanı (bütün şüur sahiblərinin fikir, düşüncə və sifətlərini) biləndir.
Əl-Hədid surəsi
Ayə 7
Allaha və Onun peyğəmbərinə iman gətirin və sizi (özünün və keçmişlərin) canişin(i) etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin. Beləliklə sizdən iman gətirib (mallarını Allah yolunda) xərcləyənlərin (axirətdə) böyük mükafatı olacaqdır.
Əl-Hədid surəsi
Ayə 8
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmir (və ya imanınızın nişanələrini biruzə vermir)siniz? Əgər iman (istedad)ınız varsa, Allah sizdən (peyğəmbərlər və idrakınız vasitəsi ilə) əhd almışdır.
Əl-Hədid surəsi
Ayə 9
Sizi (şirk, küfr və itaətsizlik) qaranlıqlar(ın)dan (hidayət) nur(un)a tərəf çıxarmaq üçün həmişə Öz bəndəsinə (Muhəmmədə (s) ) ayə və aydın dəlillər nazil edən Odur. Həqiqətən Allah sizə şəfqətli və mehribandır.
Əl-Hədid surəsi
Ayə 10
Göylərin və yerin mirası Allaha məxsus olduğu (hamı öldüyü və hər şey Ona məxsus olduğu) halda, Allah yolunda (mal) xərcləməməkdən sizə nə hasil olur? Sizdən (malını) fəthdən (Məkkənin fəthindən) qabaq (Allah yolunda) xərcləyib cihad edənlər əsla (başqaları ilə) bir deyildirlər. Onlar fəthdən sonra xərcləyərək cihad edənlərdən dərəcə baxımından daha böyükdürlər. Allah (onların) hər birinə gözəl (mükafat) vəd etmişdir. Allah etdiyiniz əməllərdən xəbərdardır.
Əl-Hədid surəsi
Ayə 11
Allaha borc – (xalis niyyətlə malının ən yaxşısından ən möhtac yerə) gözəl borc verən varmı ki, Allah da onu, onun üçün neçə qat artırsın və (axirtədə) ona çox dəyərli və bəyənilən bir mükafat versin?
Əl-Hədid surəsi
Ayə 12
Mömin kişi və qadınların nurlarının qabaqlarında və sağ tərəflərində irəlilədiyini görəcəyin gün, (onlara) «bu gün sizə altından çaylar axan, əbədi qalacağınız Cənnət və bağlarla müjdə olsun» (deyiləcəkdir). Bu həmin böyük uğur və qurtuluşdur!
Əl-Hədid surəsi
Ayə 13
(Həmin) o gün ki, münafiq kişi və qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək.» Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın.» Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır.
Əl-Hədid surəsi
Ayə 14
Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı.»
Əl-Hədid surəsi
Ayə 15
Odur ki, bu gün nə sizdən və nə də (açıq-aşkar) küfr edənlərdən (nicat tapmağınız üçün bir) fidyə qəbul edilməyəcəkdir. Sizin yeriniz oddur. Sizə ora daha layiqdir və ora pis dönüş yeridir.
Əl-Hədid surəsi
Ayə 16
Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!
Əl-Hədid surəsi
Ayə 17
Bilin ki, həqiqətən Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir. Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). Həqiqətən Biz bəlkə düşündünüz deyə, (Özümüzün tovhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq.
Əl-Hədid surəsi
Ayə 18
Şübhəsiz, sədəqə verən kişi və qadınlar və Allaha gözəl borc vermiş kəslər (möminə faiz və xeyir istəmədən borc verən və Allah yolunda malından xərcləyən şəxs) üçün (onların mükafatları) qat-qat artırılacaq və onların dəyərli və bəyənilən mükafatı olacaqdır.
Əl-Hədid surəsi
Ayə 19
Rəbbləri yanında siddiqlər (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şahidlər (Məhşərdə insanların əqidə və əməllərinə şahidlik edənlər) Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tovhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər.
Əl-Hədid surəsi
Ayə 20
Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.