"Elə ki, Yusifin yanına gəldilər, o öz ata-anasına yanında yer verdi və dedi: Allahın izni ilə əmin-amanlıq içində Misirə daxil olun.”
Nöqtələr
Yusif öz valideynlərini qarşılamaq üçün şəhər kənarında xeymə qurub gözünü yola tikmişdi. O, ata-anasını izzət və ehtiramla Misirə gətirmək arzusunda idi. Təbii ki, Yusifin ata-anası və qardaşları səfərə hazırlaşdıqları vaxt Kənanda qovğa vardı. Xalq neçə illər ötəndən sonra Yusifin salamatlıq xəbərini almış Yəqubun gözlərinin açılmasını və övladı ilə görüşə can atmasını maraqla izləyirdi. Bu ata və oğulun sevincinə onlar da şərik idilər. Xüsusi ilə Yusifin Misirdə xəzinədar və hakim olması, qıtlıq illərində onlara yardım göstərməsi hamını məmnun edirdi.
"Əbəvəyhi” sözündən məlum olur ki, Yusifin anası da sağ olmuşdur. Amma bir sual cavabsız qalır ki, nə üçün bütün dastan boyu ananın göz yaşlarından danışılmır və bu məsələnin üzərindən sükutla keçilir?
Rəvayətlərdə deyilir ki, Yəqub israrla Yusifdən öz macərasını danışmasını istədi. Yusif qardaşlarının onu bir quyunun başına gətirib, zorla köynəyini çıxartdıqlarını dedikdə Yəqub huşunu itirdi. Ayıldıqda söhbəti davam etdirməsini istədi. Amma Yusif dedi: "Atacan, səni İbrahim, İsmail və İshaqın haqqına and verirəm, məni danışmağa məcbur etmə!” Yəqub qəbul etdi.
Bildirişlər
1. Qonağı şəhərə daxil olmamış qarşılamaq yaxşı bir işdir. Şəhərdən kənarda Yəqubun istiqbalı üçün mərasim hazırlanmışdı və Yusif orada xeymə qurmuşdu.
2. Vəzifə və məqam diqqətimizi valideynə ehtiramdan yayındırmamalıdır.
3. Hətta ölkənin birinci şəxsi məmləkətin təhlükəsizliyindən danışarkən "inşallah” deməli və Allahın lütfünü yaddan çıxarmamalıdır. Çünki Allah istəməyincə, əmin-amanlıq ola bilməz. Bəzi tayfalar təhlükədən qaçmaq üçün ağır daşlardan evlər tikdilər. Amma Allahın qəzəbi onların əmin-amanlığını pozdu.
4. Yaşayış yeri seçərkən mühüm məsələlərdən biri həmin yerin əmin-amanlığıdır.
5. Əgər Yusif kimilər hakim olsa, əmin-amanlıq da olar.