"(Yusif) ata-anasını taxta qaldırdı. Amma onlar hamısı onun qarşısında əyilib səcdə etdilər. (Yusif) Dedi: "Ey ata, əvvəlki yuxumun təbiri budur. Şübhəsiz, Rəbbim onu gerçəkləşdirdi. Doğrudan da, məni zindandan qurtarmaqla ehsan etdi. Şeytan mənimlə qardaşlarımın arasını vurandan sonra (Allah) sizi biyabandan (Kənandan Misirə) gətirdi. Həqiqətən, Rəbbim istədiyinə lütf sahibidir. Doğrudan da, O, biləndir və hikmət sahibidir.”
Nöqtələr
"Ərş” sultanın oturduğu taxta deyilir. "Xərru” yerə yıxılmaq, "bədv” səhra, "nəzəğə” fəsad məqsədi ilə işə başlamaq mənalarını bildirir.
"Lətif” Allahın adlarındandır. Yəni Allahın qüdrəti örtülü işlərə də nüfuz edir. Yusifin həyatında yalnız Allahın qüdrəti ilə açılması mümkün olan düyünlər vardı.
Yusif Kəbə kimi olmuşdu. Ata-anası və qardaşları ona üz tutub kəramətinə görə Allaha səcdə etdilər. Yəqub və Yusif Allahın peyğəmbərləri olduğundan, bu səcdəni Allahdan qeyrisinə aid etmək olmaz. Bu səcdə pərəstiş yox, təvazö əlaməti də ola bilərdi. Belə bir məqsədlə Yusifə səcdənin heç bir eybi yox idi.
Bildirişlər
1. İstənilən bir məqama yüksəldikdə valideynlərinizi özünüzdən üstün bilin. Daha çox əziyyət çəkən insan daha əziz sayılmalıdır.
2. Peyğəmbərlər də hakimiyyət taxtına oturmuşlar.
3. Həqiqi hakimlərə ehtiram və təvazö zəruridir.
4. Ata və qardaşlarının Yusifə səcdəsi onun yuxusunu təbir etdi.
5. Allah hikmət sahibidir, bəzən uzun illərdən sonra bir duanı qəbul edir və yuxunu gerçəkləşdirir.
6. Planlar Allahın iradəsi ilə gerçəkləşir. Bəli, Yusif səbir və dözümdən danışmır, Allahı bütün işlərin əsl səbəbkarı kimi tanıyır.
7. Allah övliyalarının yuxusu həqiqətdir.
8. Vasitələrdən faydalanarkən Allahdan qəflətdə qalmayaq. Yusifin də həyatında onu yüksək məqama çatdıran vasitələr vardı. Amma o, "Rəbbim mənə ehsan etdi” deyirdi.
9. Bir-birinizlə rastlaşarkən arxada qalmış acılıqlardan danışmayın. Yusifin atasına ilk sözü Allaha şükür oldu. O, arxada qalmış acı hadisələri danışmaq istəmədi.
10. Qəlbi geniş olaq və qonağın qəlbinə dəyməyək. (Ayədə Yusif zindandan çıxmağı haqqında danışsa da, quyudan çıxmağı haqqında bir söz demir və qardaşlarını utandırmır.)
11. İntiqam yox, güzəşt əhli olaq. Yusif deyir ki, şeytan vəsvəsə etməsəydi, qardaşlarım pis olmazdı.
12. Allahın övliyaları zindana düşüb-çıxmağı tövhid və rübubiyyət yoluna aid bilirlər.
13. Çətinliyin sonu qurtuluşdur.
14. Bədəvilik (səhra həyatı) dəyər yox, zərurətdir.
15. Valideynin övladla birlikdə yaşaması Allahın lütfüdür.
16. Həzrət Yusifin dövründə Misirdə şəhər, Kənanda isə kənd həyatı hökm sürürdü.
17. İnkişaf və üstün həyat üçün səfər etmək lazımdır.
18. Xalis mömin hadisələrdən gileylənmir və bütün nemətləri Allah tərəfindən bilir.
19. Qardaşlar və ailə üzvləri bilməlidirlər ki, şeytan daim onların arasında ixtilaf salmaq üçün çalışır.
20. Özünüzü üstün saymayın. Yusif demir ki, şeytan onları aldatdı. Deyir ki, şeytan mənimlə onlar arasında maneə oldu. Yəni söhbətdə özünü də bir tərəf kimi qeyd edir.
21. Əhvalatı əvvəlində Yəqub, sonunda isə Yusif şeytanın düşmənçiliyindən danışır.
22. Allahın işləri müdara və lütflə müşayiət olunur.
23. Acılı-şirinli bütün hadisələr Allahın elm və hikmətinə əsaslanır.
24. Bir insanı bağışladıqdan sonra onu növbəti dəfə utandırmayın. Yusif qardaşlarını bağışladığından, söhbət əsnasında quyu məsələsini xatırlatmır.
25. Əhvalatı əvvəlində Yəqubun, sonunda Yusifin Allahın alim və hikmət sahibi olmasını xatırlaması diqqət çəkir.