Yusif surəsi - Ayə: 101

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 101
«Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının) təfsirini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 101. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 101 MÖHSÜN QƏRAƏTİ.

"(Yusuf dedi:) Pərvərdigara, Sən mənə hökumətdən (bəhrə) verdin, yuxuların təbirini öyrətdin. Ey göyləri və yeri yaradan, dünya və axirətdə mənim mövlam yalnız Sənsən. Məni müsəlman olaraq dünyadan apar və salehlərə qovuşdur.”
Nöqtələr
Allahın övliyaları öv izzət və qüdrətlərinə baxdıqda dərhal Allahı xatırlayır və deyirlər: "Pərvərdigara, nə varsa Səndəndir.” Yusif də belə etdi. Söhbəti atasından dolandırıb diqqətini Allaha yönəltdi. Allah Misirin hakimiyyətini iki nəfərə verdi: bu hökuməti özününkü bilən Firona və onu Allahınkı bilən Yusifə.
İbrahimin təvəkkül tərzi onun övladlarında da özünü göstərirdi. İbrahim dedi: "Mən məxluqatın Rəbbinə təsliməm.” Sonra onun nəvəsi Yəqub övladlarına vəsiyyət etdi ki, dünyadan müsəlman gedin. Hazırkı ayədə isə Yəqubun övladı müsəlman olaraq ölməyi Allahdan diləyir. İbrahim salehlərdəndir və Yusif ona qovuşmaq istəyir.
Allahın daim qoruduğu, elm və hakimiyyət verdiyi, təhlükədən hifz etdiyi Yusif yenə də öz aqibətindən nigarandır. Vay olsun qüdrət, var-dövlət və elmi hiyləgərliklə əldə edənlərə! Necə olacaq belələrinin aqibəti?!
Allah-təala həzrət Adəmə adlar öyrətdi. Həzrət Davuda zireh toxumaq təlim olundu. Süleymana quşların dili təlim olundu. Yusifə təbir elmi əta edildi. İslam Peyğəmbərinə (s) isə əvvəllərin və axırların elmləri təlim olundu.
Bildirişlər
1. Hakimiyyət bəxşişi Allahın rübubiyyət şənindəndir.
2. Hakimiyyət düşüncə, var-dövlət, qüdrət, ətraf və plan çəkməklə əldə olunmur. Hakimiyyətin əldə olunmasında əsas amil Allahın iradəsidir.
3. Allah tərbiyə məqsədi ilə əta edib, geri alır.
4. Hakimiyyət savadsızların yox, alimlərin haqqıdır. Yusifin elmi onun hakimiyyətə çatması üçün vasitə oldu.
5. İstənilən bir məqamda özünüzü Allaha tapşırın.
6. Allah lütf etməsə, qüdrət, hakimiyyət və siyasət insanın dindən çıxması üçün zəmin olar.
(Yusif quyuda bir, zindanda başqa bir dua oxuyurdu. Hakimiyyətə çatdıqdan sonra isə belə dua edirdi: "Pərvərdigara, müsəlman olaraq ölüm.”)
7. Allahın həqiqi bəndələri izzət və qüdrət zirvəsində olduqları vaxt ölüm və qiyaməti unutmur, öz vəzifələrini yerinə yetirirlər. Necə ki, onun zövcəsi Fironun sarayında qiyamət barədə düşünür və deyirdi: "Pərvərdigara! Behiştdə mənə Öz yanında yer ver.”
8. Allahın əzəməti təkcə bizə verdiyi nemətlərə görə deyil. O bütün varlıq aləminin yaradıcısıdır.
9. Yusif xalqa hakim olması ilə yox, Allahın ona hakim olması ilə fəxr edirdi.
10. Xoş aqibət və işdə möhkəmlik həmin işə başlamaqdan daha mühümdür. Peyğəmbərlər xoş aqibət üçün dua edirdilər: "Məni Sənə təslim olmaqda ölən günədək möhkəm et.”
11. Duada öncə Allahın nemətlərini yada salın, sonra öz istəyinizi bəyan edin.
12. Qüdrətə çatdığınız vaxt Allahla münacatı yaddan çıxartmayın.
13. Həzrət Yusif ən keşməkeşli anlarda Allahı unutmaz, Onunla münacat edərdi.
14. Düzgün və ədalətli hakimlik üçün elm və biliyə ehtiyac var.
15. Dua və münacatlarda təkcə dünya malı fikrində olmayın.
16. Allahın qüdrət və elmi ilə müqayisədə insanın qüdrət və elmi əhəmiyyətsizdir. Allah bütün varlıq aləminə hakimdir.
17. Göylərin və yerin yaradıcısı olan Allah insanı bəlalar quyusundan çıxarıb ən yüksək dərəcələrə çatdıra bilər.
18. Bugünkü imanınızla qürrələnməyin. Bu imanı sonadək qorumaq mühümdür.
19. İmanın nəhayəti Allah qarşısında təslimçilikdir.
20. Xeyir aqibət Allahın Öz bəndələrinə əta etdiyi ən üstün nemətdir.
21. Heç bir mükafat əbədi qalmır.
22. Pak insanların arzusu imanla ölmək və salehlər zümrəsinə qatılmaqdır.
23. Dünyaya bağlı olmayan insanlar hakimiyyəti xidmət və islah üçün istəyirlər.
24. Salehlərə axirətdə ən yüksək məqam verilər. (Yusif salehlərə qatılmaq arzusunda idi.)
YUSİFİN SİMASI
(MÜVƏFFƏQ BİR RƏHBƏRİN XÜSUSİYYƏTLƏRİ)
Həzrət Yusifin əhvalatının sonunda onun simasını nəzərdən keçiririk:
1. Acı və şirin hallarda Allaha kamil diqqət;
2. İstənilən bir qrupun azğın xəttindən üz döndərmək;
3. Öndə gedənlərin doğru yolunu izləmək;
4. Son nəfəsədək Allahın razılığı yolunda möhkəmlik;
5. Rəqiblər qarşısında vüqar;
6. Hadisələr qarşısında səbir;
7. Paklıq və təqvanı rifahdan üstün tutmaq;
8. Biganələr qarşısında məxfilik;
9. Əhatəli elm;
10. Gözəl və fəsahətli bəyan;
11. Ailə möhkəmliyi;
12. Fərqli düşünənlərlə müdara;
13. İxlas;
14. Başqalarının hidayətinə şövq;
15. Planlaşdırma və yaradıcılıq;
16. Təvazö və sadəlik;
17. Əfv və güzəşt;
18. Qəlbi genişlik;
19. Əmanətdarlıq;
20. Qonaqpərvərlik.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.