"Elə ki, karvan yola düşdü, ataları dedi: "Həqiqətən Yusifin qoxusunu duyuram. Əlbəttə ki, əgər məni yüngülbeyin saymasanız!”
Nöqtələr
"Fəsələt” dedikdə aralanmaq nəzərdə tutulur. "Fəsələtil-iyru” – yəni karvan Misirdən aralandı. "Fənəd” kökündən olan "tufənnidun” sözü düşüncə zəifliyi mənasını bildirir.
Yəqub narahat idi ki, ətrafındakılar onu yüngülbeyin sayarlar. Amma çox təəssüf ki, İslam Peyğəmbərinin (s) ətrafında olanların bəziləri ona bu sayaq eyb tutdular. Həzrət Peyğəmbər (s) ölüm ayağında ikən kağız-qələm istədi. O, müsəlmanları gələcəkdə mümkün azğınlıqdan qoruyacaq tapşırıqlar vermək istəyirdi. Yanındakı səhabələrdən biri dedi: "Peyğəmbər (s) sayıqlayır.” Beləcə, ona yazmaq imkanı verilmədi.
Sual: Necə olur ki, yalnız Yəqub Yusifin qoxusunu duyur?
Cavab: Bir çox işlər peyğəmbərlər üçün mümkün olduğu halda bizim üçün mümkün deyil. Məsələn, peyğəmbər vəhyi dərk edir, biz isə yox. Xəndək döyüşü zamanı müsəlmanlar xəndək qazarkən Peyğəmbər (s) külüngdən qopan qığılcımı görüb buyurdu: "Bu qığılcımda imperatorların süqutunu gördüm.” Amma bəzi zəif imanlı müsəlmanlar dedilər: "Peyğəmbər (s) qorxudan şəhər ətrafında xəndək qazır, amma sonra hər çınqıdan sonra bir hökumətin süqutunu vəd edir!”
Mərhum Xoyi "Nəhcül-bəlağə”nin şərhində deyir: Məsum imamlar üçün nurdan bir sütun var. Allahın iradəsi ilə imam bu sütuna baxıb gələcəyi görür, bəzən isə adi insanlar kimi olur.
|
Misirdən köynəyin ətrin duyarkən
Kənan quyusunu görmədin nədən?
Dedi: - "Bil, halımız şimşəyə bənzər –
Bəzən peyda olar, bəzən gizlənər.
Arabir süzürük ərşin qatını,
Bəzən də görmürük ayaq altını”.
|
Olsun ki, "Yusifin qoxusu” dedikdə Yusif haqqında təzə bir xəbər nəzərdə tutulur. Bugünkü dünyamızda uyğun hadisə "telepatiya” adlanır. Telepatiya məlumatın uzaqdan ötürülməsidir. Bu hadisə artıq elmi gerçəklik kimi qəbul olunur. Yəni, yaxın bağlılığa malik olan insanlar və ya xüsusi ruhi qüvvəsi olanlar dünyanın bir başında olan hadisədən dünyanın o biri başında xəbər tuturlar. Bir şəxs imam Baqirdən (ə) soruşdu: «Bəzən heç bir səbəb olmadan o qədər qəmlənirəm ki, ətrafımdakılar onu hiss edirlər». İmam buyurdu: "Müsəlmanlar bir həqiqətdən yaradıldıqları üçün dünyanın bir başında bir müsəlman bədbəxtliklə üzləşdiyi vaxt, dünyanın o biri başında başqa bir müsəlman qəmlənir.”
Elə hesab etsək ki, qoxunu yalnız burunla duymaq olur, Yəqubun Yusifin qoxusunu almasını möcüzə olaraq qəbul etməliyik. İraq İrana hücum edən vaxt mərhum İmamın göstərişi ilə xalq cəbhələrdə hazır oldu. Mən də "Müslim ibn Əqil” əməliyyatında 90 yaşlı Ayətullah Əşrəfi İsfahaninin xidmətində idim. Mərhum alim hücum gecəsi bir neçə dəfə buyurdu: "Behişt qoxusunu duyuram.” Amma mən bu qoxunu ala bilmirdim!
Bəli, 90 il elm, təqva, zöhd, gecə ibadəti yolunu getmiş insan başqalarının hiss etmədiyini hiss edə bilər. Onun "mən dördüncü mehrab şəhidi olacağam” deyə buyurduğu öngörənlik də həqiqətə çevrildi! (Münafiqlər 2 il ara verməklə Ayətullah Mədənini, Səduqini, Dəstğeybi və Əşrəfi İsfahanini cümə namazında və ya cümə namazına gedərkən yolda şəhadətə yetirdilər.)
Əlbəttə ki, behişt qoxusu dedikdə, irfani bir qoxu da nəzərdə tutula bilər. Məsələn, münacatın şirinliyindən danışırıq. Əlbəttə ki, bu, mənəvi bir şirinlikdir. Bu təbii bir qoxu olsa da, hər insan bunu duymaq gücündə deyil. Məsələn, tezlikli radio dalğalarını yalnız xüsusi tezlikli radiolar tuta bilir.
Bildirişlər
1. İnsan batini paklıqla mənəvi həqiqətləri dərk edə bilər. Amma həqiqətlərin dərki məhduddur. İnsan yalnız müəyyən məkan və zamanda bu halı yaşaya bilər. Bu səbəbdən də Yəqub karvan aralandıqdan sonra Yusifin köynəyinin qoxusunu duydu.
2. Özümüz həqiqətləri dərk edə bilmiriksə, başqalarının belə bir məqamını inkar etməyək.
3. Yalnız bəzi insanlarda həqiqəti eşitmək tutumu var. Çoxları bu halı səfehlik kimi dəyərləndirirlər.
4. Alimlər üçün nadanlar arasında yaşamağın əzab-əziyyəti var.