Yusif surəsi - Ayə: 93

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 93
«Mənim bu köynəyimi aparın və onu atamın üzünə atın, görəcəkdir. Və bütün ailənizi mənim yanıma gətirin».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 93. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 93 MÖHSÜN QƏRAƏTİ.

"(Yusif dedi:) Mənim bu köynəyimi aparın və onu atamın üzünə çəkin ki, gözü açılsın. Kiminiz varsa mənim yanıma gətirin.”
Nöqtələr
Həzrət Yusifin əhvalatından bir neçə yerdə onun köynəyinə işarə olunur:
a) Qardaşlar Yusifin köynəyini yalançı qana bulayıb atalarının yanına apardılar ki, «Yusifi canavar yedi.»
b) Köynək arxadan cırıldı və günahın açılmasına səbəb oldu.
v) Köynək gözü görməyən Yəqubun sağalmasına səbəb oldu.
Yusifə aid köynək gözü görməyənin gözünü açırsa, demək, Allah övliyalarının qəbirləri, divarları, qapıları, oradakı parçalar və bütün başqa şeylər şəfa səbəbi ola bilər.
Yusiflə tanışlıq mərhələləri, Yusifdən üzr istənilməsi və onun əfvi, Allahdan bağışlanma mövzuları nəzərdən keçirildi. Amma hələ ki, qardaşlarının günahı səbəbindən kor olmuş ata mövzusu qarşıdadır. Bu ayədə həmin müşkülün həlli yolu göstərilir.
Ayədə Yusifin dilindən deyilir ki, «mənim qana batırılmış köynəyimi atamın yanına aparan kəs köynəyimi aparsın, atamın qəlbini narahat etdiyi kimi, bu köynəyi aparmaqla onu sevindirsin.»
Rəvayətdə deyilir: Yusif qardaşlarını hər səhər-axşam süfrəsində əyləşdirirdi. Onlar xəcalət çəkirdilər. Qardaşlar onlar üçün ayrıca süfrə salınmasını istədilər. Bildirdilər ki, sənin çöhrən bizi utandırır! Yusif belə cavab verdi: "Amma mən sizinlə birlikdə olmaqdan, bir süfrədə təam yeməkdən iftixar duyuram. Bir vaxt xalq məni görəndə deyərdi ki, 20 dirhəmlik qulu izzətə çatdıran Allah pakdır. Amma bu gün sizin varlığınız mənim üçün izzətdir. Qoy xalq bilsin ki, mən əsl-nəsəbsiz deyiləm. Mənim sizin kimi qardaşlarım, Yəqub kimi atam var. Amma qərib düşmüşəm.”
Nəql edirlər ki, müalicə üçün İraqdan Tehrana gələn mərhum Ayətullah-üzma Hacı Şeyx Əbdül-Kərim Hairi Yəzdi bir gecə Qumda qalır. Görüşünə gələnlər ondan xahiş edirlər ki, öz elmi hövzəsini İraqdan Quma köçürsün. Çünki Qum Əhli-beyt (ə) hərəmi, xanım Məsumənin (s) dəfn olunduğu torpaqdır. Alim istixarə edir və bu ayə gəlir: "Kiminiz varsa, mənim yanıma gətirin.”
Bildirişlər
1. Allahın övliyalarına aid olan əşyalar təbərrük ola bilər. (Yusifin köynəyi atasının görməyən gözlərini açdı.)
2. Nəfs istəkləri ilə mübarizə aparıb qalib gələn insanın hətta libası da müqəddəs ola bilər.
3. Xeyir tapmaq üçün müqəddəs əşyanı görmək kifayət deyil, ona toxunmaq lazımdır.
4. Qəm-qüssə və şadlığın gözün işığına təsiri var. Ola bilsin ki, bu səbəbdən yaxşı övlad "qürrətul-əyn”, yəni «gözün nuru» adlandırılmışdır. (Əlbəttə ki, belə bir qənaət məsələyə ecaz yox, təbii yolla yanaşmadan hasil olmur.)
5. Vüsal qocanın qəlbini dirildir, korun gözünə işıq verir.
6. Möcüzə və kəramət verilməsində yaş şərt deyil. (Oğulun köynəyi atanın gözlərinə şəfa verir.)
7. Yusif qeyb elminə malik idi. Əks-təqdirdə, köynəyin tutulmuş gözə şəfa verəcəyini bilməzdi.
8. Allah bir gün Yəqubu qəmləndirən köynəyi sonralar onun üçün şadlıq səbəbi qərar verdi.
9. İmkanlı övladlar imkansız qohumlarına, xüsusi ilə yaşlı ata-analarına himayə göstərsinlər.
10. İctimai şərait əməli olaraq vəzifəyə təsir göstərir.
(Həmin şəraitdə Yusifin yaxınlarına yardım göstərməsi üçün onlar Misrə gəlməli idilər.)
11. Başqalarının haqlarını pozmadan yaxınlara yardım etmək lazımdır.
12. Yerdəyişmə və hicrətin bir çox təsirləri var. O cümlədən: acı xatirələr aradan götürülür.
13. Ailə üzvləri və yaxın insanlar imkan olan halda bir-birinə yaxın yaşasınlar.
14. Yusif o qədər mərhəmətli idi ki, qardaşları hövsələdən çıxırdı. Nəhayət, onu quyuya atdılar. Amma Yusif bütün qardaşlarını və ailəsini yanına dəvət etdi.
15. Qohumlar xətaya yol versələr də onlarla rabitə kəsilməməlidir.
16. Ayrılıq əzabı çəkmiş insanlar üçün rifah zikrində olmaq lazımdır.
17. Ən yaxşı lütf hamıya şamil olan lütfdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.