"(Yəqub) dedi: "Ey mənim oğlanlarım, (Misirə çatdığınız vaxt hamınız) bir qapıdan daxil olmayın. (Xalqın diqqətini cəlb etməmək üçün) ayrı-ayrı qapılardan daxil olun. (Mən bu tövsiyə ilə) Allah tərəfindən olanı (müqəddəratı) sizdən uzaqlaşdıra bilmərəm. Hökm yalnız Allaha məxsusdur. Yalnız Ona təvəkkül edirik. Bütün təvəkkül edənlər (də) Ona təvəkkül etməlidirlər.”
Nöqtələr
Həzrət Yəqub övladlarının Misirə səfəri zamanı dörd tövhid nöqtəsini qeyd edir:
1. "Ma uğni ənkum” – yəni mən bu tapşırıqla Allahın müqəddəratından olan bir şeyi sizdən uzaqlaşdıra bilmərəm.
2. "İlla ən yuhatə bikum” – yəni hamınızın başına təsəvvür etmədiyiniz bir hadisə gəlsə, bu, istisnadır.
3. "Fəllahu xəyru hafizən” – yəni Allah ən yaxşı qoruyandır.
4. "Ələyhi fəlyətəvəkkəl” – yəni Ona təvəkkül etsinlər.
Bəli, Allahın rəsulunun diqqəti bütünlüklə Allah və tövhiddə idi. Yəqubun övladları isə səfər vaxtı deyirdilər: "Biz öz qardaşımızı hifz edərik.” Bu danışıqlarda xalis müvəhhidlə adi fərdlər arasındakı fərq gözəl şəkildə aşkarlanır.
Bildirişlər
1. Atanın məhəbbəti hətta xətakar övladlara münasibətdə də aradan götürülmür.
2. Övladların salamatlığını qorumaq üçün tədbir lazımdır.
3. Tövsiyə edən kəs alim və agahdırsa, itaət edən şəxs üçün göstərişin fəlsəfəsini bilmək zəruri deyil.
4. Səfər qabağı məqam moizə üçün ən yaxşı vaxtdır. Yəqub səfər astanasında övladlarına ayrı-ayrı qapılardan daxil olmağı tövsiyə etdi.
5. Həssas münasibətlərin, sui-zənlərin və gözdəymələrin qarşısını alın. Gənclərdən ibarət bir dəstənin biganə bir məntəqəyə daxil olması sui-zənn və pis baxış amilidir.
6. Allahın güc və qüvvətinin yalnız bir fəzaya aid olduğunu düşünməyin. Allah insana istənilən bir yolla yardım göstərə bilər.
7. Qadağan etməklə kifayətlənməyin, həll yolu da göstərmək lazımdır.
8. Məqsədə çatmaq üçün müxtəlif yollardan istifadə etmək lazımdır.
9. Yaxşı müdir proqram hazırlamaqdan əlavə ehtimalları nəzərə almalıdır. Çünki insan öz işində müstəqil deyil. Yəni bütün hesabatlara baxmayaraq Allahın iradəsi həlledicidir. İş tam şəkildə bizim hesabatlarımızdan asılı deyil.
10. Allahın qəti yazısı qarşısında təslim olmaqdan başqa yol yoxdur.
11. Varlıq aləminin mütləq hakimi Allahdır.
12. Allaha təvəkküllə dəvənin ayağı bağlanar.
13. Həm ehtiyat və hesabat, həm də Allaha təvəkkül zəruridir.
14. Allahdan qeyrisinə təvəkkül etməyin. Çünki Allah yetərlidir və ən üstün vəkildir.
15. Yəqub həm özü təvəkkül etdi, həm də ətrafındakıları təvəkkülə həvəsləndirdi.