"(Qardaşları) Yusifin yanına gəldikləri vaxt o, qardaşına (Benyaminə) yanında yer verib dedi: "Həqiqətən, mən sənin qardaşınam, onların gördüyü iş səni qəmləndirməsin.”
Nöqtələr
Təfsirlərdə deyilir ki, Yəqubun övladları Misirə gəldikləri vaxt Yusif onları qonaq etdi. Hər iki nəfərə bir tabaq çörək verildi. Axırda Benyamin tək qaldı. Yusif onu yanında oturtdu. Sonra hər iki nəfərə bir otaq verildi. Yenə Yusif Benyamini öz otağında saxladı. Benyamin qardaşlarının vəfasızlığından və illərcə əvvəl Yusifə qarşı törətdikləri cinayətdən danışdı. Məhz bu yerdə Yusifin səbir kasası daşdı və o dedi: "Nigaran olma, mən həmin Yusifəm.” Söz elə təkidlə deyildi ki, başqa bir ehtimal üçün (məsələn, "mən sənə qardaş kimiyəm”) yer qalmadı.
"Fəla təbtəis bima kanu yə`məlun” cümləsi iki cür mənalandırıla bilər: Ya "qardaşlarının keçmiş əməlləri səni qəmləndirməsin”, ya "qulamlar səni saxlamaq üçün peymanəni yükünə qoyacaqlar, bu səni nigaran etməsin.”
Bildirişlər
1. Dünənədək öz qüdrəti ilə qürrələnən qardaşlar indi ərzaq əldə etmək üçün tam təvazö ilə Yusifin hüzuruna yetişməli idilər.
2. Deyilən söz gizli və aşkar olmaqla bölünə bilər. Yusif sözlərini Benyaminə gizli şəkildə söylədi. (Hər sözün yeri, hər nöqtənin məqamı var.)
3. Bəzi məsələlərdən yalnız xüsusi adamları xəbərdar etmək olar.
4. Nemətə çatdıqda ötən acılıqları yaddan çıxarın. (Yusiflə Benyamin nəhayət görüşdülər, keçmişdəki nigarançılıqları unutmaq lazım gəldi.)
5. Hər hansı bir planı həyata keçirməzdən öncə, bu proqramdan əziyyət çəkəsi insanları ruhi baxımdan hazırlamaq lazımdır. (Benyaminə deyildi ki, o, oğru adı ilə saxlanılacaq, bundan nigaran olmasın.)