Yusif surəsi - Ayə: 68

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 68
Və elə ki, atalarının əmr etdiyi yerdən daxil oldular, (bu iş) Allah tərəfindən qərara alınmış heç bir şeyi onlardan dəf etmirdi, yalnız Yəqubun ürəyində olan bir istəyi (həsədin, bədnəzərin və bədgümanın dəf olunmasını) həyata keçirdi. Əlbəttə, o (Yəqub, Allah tərəfindən verilmiş çoxlu) elm sahibi idi. Çünki onu Biz öyrətmişdik. Lakin (bütün dövrlərin) insanların(ın) çoxu (peyğəmbərlərin belə bir kamala malik olduqlarını) bilmirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 68. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 68 MÖHSÜN QƏRAƏTİ.

"Atalarının göstərdiyi yerdən daxil olsalar da, bu iş Allahın iradəsi qarşısında onlara heç bir fayda vermədi. Yalnız Yəqubun qəlbində olan ehtiyat yerinə yetmiş oldu. (Ayrı-ayrı qapıdan daxil olmağın faydası gözdəymədən qorunmaları və xüsusi ilə Benyaminin Yusifə yetişməsi oldu.) Əlbəttə ki, (Yəqub) ona öyrətdiklərimizə xatir elmə sahib idi. Amma xalqın çoxu agah deyil.”
Nöqtələr
Yəqubun yerinə yetmiş qəlb arzusunun nə olması ilə bağlı müxtəlif ehtimallar var:
1. Benyaminin Yusifə çatması, oğurluqda ittiham bahasına olsa belə, Yusifin tənhalıqdan qurtarması.
2. Ata ilə oğulun görüşünün tezləşməsi.
3. Nəticəyə zamin olmadan vəzifənin yerinə yetirilməsi; Yəqubun istəyi bu idi ki, işin əvvəlində səhlənkarlığa yol verilməsin və oğlanları bir qapıdan daxil olmasın. Bununla belə, gələcəkdə olası işlər Allahın əlindədir.
Bildirişlər
1. Adi təcrübələr insanı tərbiyələndirir və o, böyüklərin sözünü qəbul edir.
2. Ataya itaət zəruri və dəyərlidir.
3. İnsanların ədəbsizliyindən danışanda onların ədəblərini də yaddan çıxarmayın. (Əgər Yusifin qardaşları öncə atalarının azdığını bildirirdilərsə, sonradan onun əmrinə təslim oldular.)
4. Yalnız Allahın iradəsi olduqda hesabatlar, proqramlar fayda verir. Allah istəməsə, tədbirlər də əbəsdir.
5. Yəqub bir sıra məsələlərdən və sirlərdən agah idi. Amma onları danışmağı məsləhət bilmirdi.
6. Övliyaların dua və istəyi qəbul olur.
7. Peyğəmbərlərin elmi Allah tərəfindəndir.
8. Xalqın çoxu həqiqi alimləri tanımır.
9. Xalqın çoxu səbəb və amillərə göz dikir, Allahın hakimiyyətindən və Ona təvəkkülün zəruriliyindən xəbərsiz qalır.
10. Çoxluq haqlılıq, azlıq nahaqlıq demək deyil.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.