Yusif surəsi - Ayə: 33

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 33
. (Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyl edər və nadanlardan olaram.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 33. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 33 MÖHSÜN QƏRAƏTİ.

«(Yusif) dedi: "Pərvərdigara! Mənim üçün zindan məni dəvət etdikləri işdən daha əzizdir. Əgər onların hiyləsini məndən uzaqlaşdırmasan, onlara meyl edərəm və cahillərdən olaram.”»

Nöqtələr
Yusif qəlbi geniş bir insan idi. Qardaşlarının həsədinə düçar olduğu vaxt düşmənçilik etmədi. Züleyxanın eşqi ilə üzləşdikdə günaha batmadı. Qüdrətə çatdığı vaxt qardaşlarından intiqam almadı. Ölkəni təhlükədə gördüyü zaman vətənə dönmək əvəzinə iqtisadi tədbirlər görmək, ölkəni pis vəziyyətdən qurtarmaq yolunu seçdi.
Hər bir insan üçün əziz şey var. Yusif üçün paklıq daha əziz idi. Bəziləri üçün dünya daha əziz olur. Möminlər üçün isə Allah daha əzizdir.
Bildirişlər
1. Allahın rübubiyyətinə (Rəbliyinə) diqqət dua qaydalarındandır.
2. Allahın övliyaları şərəfli həyatın sıxıntısını günah yoldakı rifahdan üstün tuturlar.
3. Bəzi hallarda azadlıqda olmaq dəyər, zindanda olmaq eyb sayılmır.
4. İnsan Allahdan yardım almaqla bütün vəziyyətlərdə günahdan uzaq ola bilər.
5. Əziyyət və çətinlik günaha batmaq üçün səbəb deyil.
6. Dua, ah-nalə və Allahdan yardım istəmək günah və cinsi azğınlıqdan qorunma yollarından biridir.
7. İnsanın şəxsiyyəti onun cismindən yox, ruhundan asılıdır. Əgər ruh azad olsa, zindan behiştdir. Ruh sıxıntıda olduqda isə saray da zindandır.
8. İnsanları günahdan qorumaq üçün mühit ayırmaq yaxşı işdir. (Yusif zindan bahasına olsa belə, düşdüyü mühitdən ayrılmaq istəyirdi.)
9. Allahın razılığı xalqın və toplumun razılığından üstündür.
10. Kimsə Allahın lütfü olmadan qoruna bilməz. Böhranlı şəraitdə yeganə qurtuluş yolu Allaha sığınmaqdır.
11. İlahi sınaqlar hər an çətinləşə bilər. (Yusif öncə bir qadınla üz-üzə gəlmişdisə, sonra bir dəstə qadınla üzləşdi.)
12. Yusif günah haqqında danışarkən «meyl», zindan haqqında danışarkən «daha əziz» sözünü işlədir. Məlum olur ki, paklıq Yusifin ruhunun dərinliyində qərar tutmuşdu.
13. Allahı narazı salmaq bahasına xalqın razılığını əldə etmək cəhalətdir.
14. Günah ilahi elm və ətaları insanın əlindən alır. (Ötən ayədə Yusifə hikmət və elm əta olunduğu bildirilirdisə, bu ayədə Yusif günah səbəbindən cahillərə qatılacağından ehtiyatlanır.)
15. Cəhalət təkcə savadsızlıq deyil. Bir anlıq ləzzətə görə Allahın razılığını yaddan çıxarmaq əsl cəhalətdir.
16. Günah cahilcəsinə bir işdir.
17. Bildiyinə əməl etməmək insanı cahillər zümrəsinə qatır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.