Yusif surəsi - Ayə: 37

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 37
(Yusuf) dedi: «Sizin gündəlik yemək payınız sizə gəlib çatmamışdan qabaq mən sizə o yuxunun yozumunu xəbər verəcəyəm. Bu (yuxu yozmaq elmi) Rəbbimin mənə öyrətdiklərindəndir. Çünki mən Allaha imanı olmayan və axirətə kafir olan bir qövmün dinini tərk etmişəm.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 37. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 37 MÖHSÜN QƏRAƏTİ.

"(Yusif yuxu görmüş həmin iki şəxsə) dedi: "Yemək payınız gəlməmişdən öncə yuxunuzun təbirini deyəcəyəm. Bu, Rəbbimin mənə öyrətdiyi işlərdəndir. Həqiqətən, mən Allaha imanı olmayan, qiyaməti inkar edən qövmün ayinini boşlamışam.”

Nöqtələr
Ayənin ilk hissəsinin tərcüməsində belə bir ehtimal da vardı: "Mən Allahım tərəfindən bilirəm ki, sizin üçün gətiriləcək yemək nədir. Belə ki, sizin yuxunuzu təbir edə bilərəm.” Yəni Yusif yuxu təbirindən əlavə başqa məsələlərdən də xəbərdar idi.
Sual: Nə üçün həzrət Yusif zindan yoldaşlarının yuxusunu dərhal təbir etmədi, bu işi sonraya saxladı?
Cavab: Fəxr Razi "Təfsire-Kəbir”də bu məsələ ilə bağlı bir neçə ehtimal irəli sürür:
1. Yusif onları intizarda saxlayırdı ki, az da olsa təbliğ edə bilsin. Ola bilsin ki, edam ediləsi insan təbliğ nəticəsində iman gətirdi və dünyadan imansız getmədi.
2. Yusif hələ ki, gəlib çıxmamış qidaların nə olduğunu öncədən bildirməklə yoldaşlarının etimadını qazanmaq istədi.
3. Onları intizarda saxlayırdı ki, daha yaxşı dinləsinlər.
4. Yuxulardan birinin təbiri edam olduğundan Yusif sıxıntı yaratmağa tələsmədi.
Bildirişlər
1. Bəzən daha çox təsir göstərmək üçün insan öz elmi qüdrətini və kamilliyini başqalarına bildirməli olur.
2. Başqalarına fayda vermək üçün öz elminizdən istifadə edin.
3. Öz bildiklərinizin Allah tərəfindən olduğuna inanın.
4. Elm və təhsilin də məqsədi tərbiyədir.
5. Allah hikmət sahibidir və səbəbsiz yerə kimsənin üzünə qapı açmır.
6. Küfr zülmətindən qaçan şəxs elm nuruna çatır.
7. Fürsətlərdən imkan həddində faydalanın.
8. Təbərra və təvəlla (Allah dostu ilə dostluq, Allah düşməni ilə düşmənlik) imanın əsasıdır. Bu ayədə kafirlərdən uzaqlıq, növbəti ayədə övliyalara tabeçilik məsələsi ortaya qoyulur.
9. İnsanları birbaşa ittiham etməkdən çəkinin. Dolayı yolla təbliğ etməyə çalışın. (Yusif "küfrdən əl çəkin” demədi. Buyurdu ki, mən küfr yolunu boşlamışam.)
10. Bütün dinlərdə tövhid və məad əqidəsi yanaşı olmuşdur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.