Yusif surəsi - Ayə: 36

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 36
Yusufla birgə zindana (şahın) iki qul(u) da daxil oldu. Onlardan biri dedi: «Mən (yuxuda,) özümün (şərab düzəltmək üçün) üzüm sıxdığımı görürdüm.» Və o birisi dedi: «Mən (yuxuda) gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizə bunların (yuxuların) yozumundan xəbər ver. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 36. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 36 MÖHSÜN QƏRAƏTİ.

"Yusiflə birlikdə iki gənc də zindana düşdü. Onlardan biri dedi: "Mən yuxuda gördüm ki, şərab üçün (üzüm) sıxıram. Digəri dedi: "Mən yuxuda gördüm ki, başımda çörək aparıram və quşlar onu yeyir. Bizim yuxumuzu təbir et! Həqiqətən biz səni yaxşı əməl sahibi kimi görürük.”

Nöqtələr
Hədisdə oxuyuruq: Məhbuslar Yusifi ona görə yaxşı əməl sahibi adlandırdılar ki, o, zindanda xəstələrə yardım göstərir, ehtiyaclılara əl tutur və başqaları üçün şərait yaradırdı.
Bildirişlər
1. Yusifin düşdüyü zindan ümumi idi.
2. Yuxuya yüngül yanaşmayın. Onlardan bəzilərində məna var. (Adi insanlar da mühüm yuxu görə bilərlər.)
3. İnsan hər yerdə, o cümlədən zindanda da fayda verə bilər.
4. Yaxşı əməl sahibləri saf qəlb sayəsində başqalarının dərk etmədiklərini dərk edirlər.
5. Xalq bir insana inandıqda bütün sirlərini ona açır.
6. Dəyərli insanlar zindandakı məhbuslara da təsir göstərirlər.
7. Hətta günahkarlar da yaxşı əməl sahiblərini dəyərləndirirlər.
8. Yaxşı əməl sahibləri zindanda da ehtiram sahibi və xalq üçün sığınacaqdırlar.
9. Yusifin xeyirxahlığı ilk addımda cazibə və təbliğdə idi. (Onun zindandakılara ehsan və xidməti onların qəlbini ələ almışdı və Yusifi «yaxşı əməl sahibi» deyə çağırırdılar.)
10. Var-dövlət və azadlıq olmadan da yaxşı əməl sahibi olmaq mümkündür. (Yusifin zindanda nə sərvəti, nə də azadlığı vardı.)
11. Əvvəl öz xeyirxahlığınızı sübuta yetirin, sonra dinin təbliğinə başlayın. (Xalqın gözündə xeyir əməl sahibi kimi tanınan Yusif zindan yoldaşlarının yuxusunu yozmazdan qabaq təbliğ edərək onları təkallahçılığa dəvət etmişdir.)
12. Düzgün yol göstərmək ehsan nümunələrindəndir. («Bizi gördüyümüz yuxunun sirrindən agah et.»)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.