"Həqiqətən, Allah bir çox məqamlarda sizə yardım etmişdir. Hüneyn günü də (sizə yardım edildi), o zaman ki, qoşununuzun çoxluğu sizi qürrələndirdi. Amma bu say çoxluğunun sizə heç bir faydası olmadı. Yer bütün genişliyi ilə sizə dar gəldi. Düşmənə arxa çevirib qaçdınız.”
Ötən ayələrdə cihada təşviq, dünyəvi bağlılıqlar məsələsinə toxunuldu. Bu ayədə ilahi lütf və yardımlar yada salınır və bununla da cihad amili gücləndirilir.
Bu ayədə "Məvatinə kəsirə” təbiri ilə yad edilən Peyğəmbər (s) döyüşlərinin sayı 80-ə çatır. Nəql olunur ki, Mütəvəkkil Abbasi xəstələndiyi vaxt sağalması üçün çoxlu dirhəm (pul) nəzir edir. Mütəvəkkil sağaldıqdan sonra bu miqdarı təyin etməkdə çətinlik çəkir və İmam Hadiyə (ə) bu barədə sual ünvanlayır. İmam Hadi (ə) haqqında danışılan ayəyə istinad edərək Mütəvəkkilə 80 dirhəm nəzir verməyi tövsiyə edir.
Hüneyn döyüşü Taif yaxınlığındakı bir məntəqədə baş verdi. Bu döyüşdə müsəlmanlar Həvazən qəbiləsi ilə qarşılaşmışdılar. Elə bu səbəbdən də həmin döyüşə Həvazən döyüşü də deyilir.
Hicri 8-ci ildə Peyğəmbər (s) bu qəbilənin fitnəsinin qarşısını almaq üçün həmin məntəqəyə qoşun yeritdi. Məkkəni fəth etmiş on minlik qoşun İslamı yenicə qəbul etmiş başqa iki min nəfərlə birlikdə həmin məntəqəyə yola düşdü.
Döyüş sübh namazından sonra başladı. Həvazən qəbiləsinin qəfil hücumuna tuş gəlmiş müsəlmanların bir çoxu qaçmağa başladı. İslam qoşunundakı nizam pozuldu. Amma böyük çətinlikdən sonra qaçanları saxlayıb yenidən hücuma keçmək mümkün oldu. Allahın yardımı ilə Hüneyn döyüşü müsəlmanların qələbəsi ilə başa çatdı. Bu döyüşdə 100 müşrik öldürüldü, qalanları təslim oldu, böyük qənimətlər ələ keçirildi. Bu döyüşdəki əsirlərin sayı, qənimətin miqdarı və necə bölünməsi məsələləri ilə daha ətraflı tanış olmaq üçün tarix kitablarına müraciət etmək lazımdır.
1. İlkin İslam dövründə döyüşlərdə əldə olunan qələbələrin səbəbi ilahi yardım idi.
2. İlahi mərhəmətlərin xatırlanması ruhiyyə və imanı gücləndirən amillərdəndir.
3. Hüneyn döyüşünün böyük əhəmiyyəti vardır.("Məvatinə kəsirə” təbiri Hüneyn döyüşünə da aiddir. Amma xüsusi əhəmiyyət daşıdığından ayrıca qeyd olunmuşdur.)
4. Bəzən cəmiyyətin və maddi imkanların çoxluğu insanı qürrələndirir, onu qəflətə uğradır və məğlubiyyətlə nəticələnir.
5. Bütün hallarda ilahi yardımlara ehtiyac var. Bədr döyüşündə azsaylı, Hüneyn döyüşündən isə çoxsaylı müsəlmanlara ilahi yardım nazil oldu.
6. İlahi iradə olmayan yerdə maddi vasitələr təsirsizdir.
7. Bəzən bəndəlik və təvazökarlıq ruhiyyəsinin yaranması üçün zəif
Nöqtələr
üzə çıxarılır. Zəiflik üzə çıxdıqda qürura yer qalmır.