"De ki, əgər atalarınız, övladlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, topladığınız sərvət, kasadlığından qorxduğunuz ticarət, qəlbinizi isidən evlər sizin üçün Allah, Onun rəsulu və Allah yolunda cihaddan sevimli olsa, Allahın Öz (qəzəb) fərmanını gerçəkləşdirməsi intizarında olun. Allah itaətsiz qövmü hidayət etməz.”
Həzrət Əli (ə) bir dəstəyə buyurdu: "Nə üçün siz İslama yardım üçün Mədinəyə hicrət etmir, Peyğəmbərə (s) qoşulmursunuz?” Onlar dedilər: "Biz qardaşlarımız və qohumlarımızlayıq və öz evlərimizi qoruyuruq.”
Bu ayədə adı çəkilən dəstələr bir nümunədir. Burada ata ilə yanaşı ana, oğulla yanaşı qız, qardaşla yanaşı bacı da nəzərdə tutulur.
1. İman dərəcəsi dünya və axirət kimi iki yol ayrıcında dayanarkən məlum olur.
2. Cihad İslamın sütunlarındandır və onun adı tövhid və nübuvvətlə yanaşı çəkilir.
3. Maddiyyat körpülərindən salamat keçmək üçün Allahla bağlılığı gücləndirmək lazımdır.
4. Ailə bağlılığı, maddi imkanlar cihada mane olmamalıdır. Cihadın qarşısını alan bağlılıq ilahi qəzəb doğurur. (Allahla dostluq yolunda hər şeydən və hər kəsdən keçmək lazım gəlir. Çünki dinin qorunması ailə rabitələrinin, iqtisadi mənafelərin hifzindən öndə gəlir.)
5. Dünyapərəst müsəlman kafir kimidir. Ayədə dünyapərəst müsəlmanlara kafirlər kimi müraciət olunur.
6. Rifah, firavan yaşayış həyat məqsədinə çevrildikdə insan süquta uğrayır. Belə bir yol onu Allah və Onun rəsulundan uzaqlığa, ilahi qəhr-qəzəbə aparır.
7. Məsuliyyətdən qaçan dünyapərəstlər ilahi hidayətə nail olmurlar.
8. Maddiyyatı mənəviyyatdan üstün tutmaq günah nişanəsidir.