"Rəhmət və yaxşılıqdan öncə səndən tələsərək əzab və pislik istəyirlər. Halbuki onlardan öncə əzablar mövcud olmuşdur. Həqiqətən, Rəbbin xalqın bütün zülmlərinə baxmayaraq onlara qarşı mərhəmətlidir. Şübhəsiz, Rəbbin ağır cəzalandırandır.”
Nöqtələr
"Məsulat” dedikdə insanın sorağına gələn əzab nəzərdə tutulur.
Bəzən inadkarlıq elə bir həddə çatır kı, insan ölümə razı olur, amma haqqı qəbul etmir. Qurani-məciddə bu növ ruhiyyənin nümunələrinə işarə olunur. Məsələn, kafirlər deyirlər: "Pərvərdigara! Əgər bu Quran haqdırsa və Sənin tərəfindəndirsə, ya göydən üstümüzə daş yağdır, ya bizi dərdli əzaba düçar et.”
Başqa bir ayədə buyurulur: "Əgər biz bu Quranı ərəbdən qeyrisinə nazil etsəydik və peyğəmbər onu xalqa qiraət etsəydi, iman gətirməz, onu qəbul etməzdilər.”
Başqa bir ayədə kitab əhlinin kafirlərə və bütpərəstlərə belə dediyi nəql olunur: "Sizin yolunuz İslam yolundan üstündür.” Halbuki kitab əhli İslama müşriklərdən daha yaxındır, amma inadkarlıq onları haqqı deməkdən çəkindirir.”
Bəzilərinin ilahi əzaba doğru tələsməsinin müəyyən səbəbləri ola bilər:
a) Keçmişdəkilərin tarixinin unudulması, ilahi qəhr-qəzəbə qarşı inamsızlıq;
b) Başqalarına həsəd; tarixi mənbələrdə bildirilir ki, həzrət Əli (ə) imamətə çatdığı vaxt onun bu məqamına dözə bilməyən bir şəxs ölüm arzuladı. "Məaric” surəsinin nazil olma şəni haqqında danışılarkən həmin nöqtəyə işarə olunmuşdu.
v) Nakamlıq, məyusluq, tam çıxılmaz vəziyyətə yetişmək.
q) Hətta can bahasına istehza, inkarçılıq.
Quran buyurur: "Əgər Allah-təala insanları pis işlərinə görə dərhal cəzalandırası olsa, yer üzündə kimsə qalmaz. Amma o lütf göstərərək səbir edir ki, bəlkə insanlar tövbə edə.”
Bildirişlər
1. İnsan inadkarlıq səbəbindən elə süqut edir ki, ölməyə razı olur, lakin haqqı qəbul etməyə yox!
2. Keçmişdəkilərin tarixi ən yaxşı nümunədir.
3. Allahın qəhr-qəzəbini zarafat saymayın. Keçmişdə baş verənlərə qarşı diqqətli olun.
4. Xalqın tələsməsinə baxmayaraq, möhlət vermək Allahın sünnəsidir.
5. İnadkar insanlar üçün də tövbə və qayıdış yolu açıqdır.
6. Allah-təala insanların bütün pisliklərinə baxmayaraq onları sevir.
7. Allahın lütfü Onun qəhr-qəzəbindən öndə gəlir.
8. Qorxu və ümid yanaşı olduqda inkişafa gətirir.
9. Allahın qəhr-qəzəbi və lütfü Onun rübubiyyət məqamındandır.