"Ey iman gətirənlər! Sizlərdən hər kəs öz dinindən dönsə (Allaha zərər yetirməz, çünki) Allah gələcəkdə bir qövm gətirəcək ki, onları sevir və onlar da Allahı sevirlər. Onlar möminlərə münasibətdə mülayim və təvazökar, kafirlərə münasibətdə sərt və qətidirlər. Onlar Allah yolunda cihad edər, heç bir məzəmmətçinin məzəmmətindən çəkinməzlər. Bu, Allahın istədiyinə verdiyi fəzldir. Allah genişlik bəxş edən və çox biləndir.”
Rəvayətdə deyilir: "Bu ayə nazil olan vaxt həzrət Peyğəmbər (s) əlini Salman Farsinin çiyninə qoyub buyurdu: "Sənin həmvətənlərin bu ayənin nümunəsidirlər.”
Əvvəlki ayələrdə kafir və münafiqlərin hakimiyyətinin təhlükəsi haqqında danışıldı. Burada isə söhbət dindən çıxmaqdan gedir. Bəlkə də bu, nifaqın və kafirlərlə dostluğun dindən xaric olmağa aparmasına işarədir.
İmam Baqir (ə) "Allah onları sevir və onlar da Allahı sevirlər” təbiri haqqında buyurmuşdur: "Burada Əli (ə) və onun şiələri nəzərdə tutulur.”
Şiə və sünni rəvayətlərində deyilir ki, İslam peyğəmbəri Xeybər döyüşündə düşmən qülləsini fəth edə bilməyən komandanlara buyurdu: "And olsun Allaha, sabah bayrağı elə bir şəxsin əlinə verəcəyəm ki, Allah və rəsulu onu sevir, o da Allahı və rəsulunu! O, qələbəni töhfə gətirər.” Bundan sonra Həzrət (s) bayrağı Əliyə (ə) verdi.”
1. Mömin öz aqibəti barədə düşünməlidir. Bir çox möminlər nəhayətdə dindən çıxdı, mürtəd oldu.
2. Düşüncəli rəhbər öz ardıcıllarının dindən çıxıb mürtəd olmasını ehtimal etməlidir.
3. Bir qrup möminin dindən çıxması Allahın yoluna zərbə vurmur.
4. Mürtədlik din və Allaha mərifət və məhəbbətin olmamasının nəticəsidir.
5. Allahın bizim imanımıza ehtiyacı yoxdur.
6. İman və cahil adətlərin aradan götürülməsi yolunda düşmənin məzəmmətlərindən, mənfi təbliğatından qorxmamalıyıq. Düşmənin yaratdığı mühitə təslimçilik yolverilməzdir.
7. Müsəlman din qardaşları ilə mülayim, düşmənlərlə sərt olur. Nə mülayimlik, nə də sərtlik mütləq halda deyil.
8. İlahi fəzl yalnız var-dövlət və məqam deyil. İlahi məhəbbət, Onun yolunda cihad, dində qətilik ilahi lütf və fəzl nümunələridir.
9. Bəndə və Allah arasında qarşılıqlı dostluq bəşər kamilliklərindəndir.
10. Başqalarının gəlişi müjdəsi ilə ümidsizlik və qorxunun qarşısı alınır.
11. Həqiqi mömin Allahın həm aşiqi, həm də məhbubudur.
12. Həqiqi imanı olan kəs heç vaxt kafirlər qarşısında əskiklik hiss etmir.
13. İlahi məhəbbətdən məhrum qəlb xəstədir və kafirlərə bağlıdır. İlahi məhəbbətlə dolu könül isə heç vaxt başqalarına bağlanmır.
14. İslam genişlənməkdədir. Yalnız enişlərə yox, yüksəlişlərə də baxaq.
15. Gələcəkdə İslam bayrağını Allah aşiqi, mücahid və qəti insanlar ələ alacaq.
16. Psixoloji müharibələrin möminlərə heç bir təsiri yoxdur.
17. Allahın fəzli məhdud deyil. Hər kəsə ləyaqəti qədərincə əta olunur.
18. Əgər Allah bir şəxsə lütf etdisə, bu iş agah surətdədir.