Əl-Maidə surəsi - Ayə: 49
Əl-Maidə surəsi 49. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 49 MÖHSÜN QƏRAƏTİ.
“Onların arasında Allahın nazil etdiyi ilə hökm et və onların nəfs
istəklərinə tabe olma. Həzər qıl ondan ki, səni Allahın nazil etdiklərinin
bəzisində azdırmasınlar. Əgər onlar (sənin hökm və mühakiməndən) üz
döndərsələr, bil ki, Allah onları bir sıra günahlarına görə cəzalandırmaq
istəyir. Şəksiz, xalqın çoxu günah əhlidir.”
Nöqtələr
◘Ayədə “yəftinukə” sözü ilə ifadə olunmuş fitnə İslam peyğəmbərini azdırmaq
üçün həyata keçirilən qurğulara işarədir.
◘Ayənin nazil olma şəni haqqında deyilir: Bəzi yəhudi alimləri həzrət
Peyğəmbərə (s) dedilər: ”Əgər bizimlə başqaları arasında olan ixtilaflı məsələdə
xeyrimizə hökm versən, iman gətirərik və bizim ardımızca bütün yəhudilər iman
gətirər.” Ayə nazil oldu və Peyğəmbər (s) bu fitnədən xəbərdar edildi.
Bildirişlər
1. Mühakimə peyğəmbərlik şənindəndir.
2. Mühakimə və hakimiyyətin əsasını ilahi qanunlar təşkil edir.
3. İslam peyğəmbərinin müsəlmanlardan əlavə, yəhudilər və məsihilər üzərində
də hakimiyyəti var.
4. Mühüm və həyati məsələlərdə xatırlatmanın təkrarı zəruridir. (“Yalnız
Allahın hökmü ilə mühakimə yürüt və xalqın nəfs istəklərinə tabe olma”
buyuruğu bu və bundan qabaqkı ayədə təkrarlanmışdır.)
5. Xalqın nəfs istəklərinə meyl qazı və hakim üçün böyük təhlükələrdəndir.
6. İlahi xatırlatmalar peyğəmbərlərin paklıq amilidir.
7. Düşmənin ideoloji nüfuzuna diqqətli olaq.
8.Kafirlərin qurğularından peyğəmbər qorxmalı olduğu halda, başqalarının
vəzifəsi aydındır.
9. Hətta bəzi ilahi göstərişlərə itaətsizlik xalqın nəfs istəklərinə ardıcıllıq
nişanəsidir.
10. Müxaliflər də bəzi ilahi göstərişləri bəyənirlər. Onların müəyyən
göstərişləri təhrif etməsi diqqətdən yayınmamalıdır və bu təhrif böyük təhlükədir.
11. Xalqın etiraz edəcəyi ehtimal olunsa da, vəhy əsasında mühakimə
yürütməliyik.
12. Məqsədə çatmaq üçün hər hansı vasitəyə əl atmaq düzgün deyil. Bir
dəstənin müsəlman olması üçün qeyri-ilahi mühakimələrdən istifadə etmək olmaz.
(Ayənin nüzul şəninə əsasən.)
13. “İtaət etmə, həzər qıl...” kimi sərt xəbərdarlıqlar peyğəmbərin vəhy
bəyanındakı sədaqətini göstərir. Yoxsa kimsə özünə bir bu qədər tünd xitab
etməz.
14. Peyğəmbərin hakimliyinə itaətsizlik süqut və ilahi əzab səbəbidir.
15. Kafirlərin etirazının kökü günahkarlıqdır. Axı ilahi ayinlərdə heç bir
nöqsan yoxdur.