Əl-Maidə surəsi - Ayə: 55

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 55
Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 55. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 55 MÖHSÜN QƏRAƏTİ.

"Sizin rəhbəriniz yalnız Allah, Onun peyğəmbəri və namazı bərpa edib rüku halında zəkat verən möminlərdir.”
Nöqtələr
Bu ayənin nazilolma şəni haqqında deyilir: Peyğəmbər məscidinə bir sail (dilənçi) daxil oldu. O, xalqdan kömək istədi. Kimsə ona bir şey vermədi. Həmin vaxt namaza məşğul olan Həzrət Əli (ə) rüku halındaca barmağındakı üzüyü sailə bağışladı. Həzrətin bu hərəkəti ilə bağlı həmin ayə nazil oldu.
Bu əhvalatı həzrət Peyğəmbərin (s) İbn-Abbas, Əmmar Yasir, Cabir ibn Abdullah, Əbuzər, Ənəs ibn Malik, Bilal kimi on səhabəsi nəql etmişdir. Uyğun ayənin nüzul şəninə münasibətdə şiə və sünnilər yekdil fikirdədirlər. Əmmar Yasir deyir: "Namazda üzük infaq edildikdən və ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) buyurdu: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. 
Qədir-Xumda həzrət Peyğəmbər (s) Həzrət Əlinin (ə) məqamını bəyan etmək üçün uyğun ayəni tilavət etdi.  Həzrət Əli (ə) də dəfələrlə öz haqqını bəyan edərkən bu ayəni oxumuşdur.  Hadisəyə şahid olan Əbuzər məscidül-həramda uyğun əhvalatı xalqa nəql etmişdir. 
Ayədə "vəliyy” sözü dost mənasını bildirmir. Çünki dostluq təkcə rüku halında infaq edənlərə yox, bütün müsəlmanlara aiddir.
İmam Sadiq (ə) buyurmuşdur: "O kəslər ki, iman gətirmişlər..” təbirində məqsəd Əli (ə) və onun imam övladlarıdır. Onlar qiyamət gününədək vardırlar. Onun övladlarından kim imamət məqamına çatsa, onun kimi rüku halında sədəqə verər.” 
Mərhum Feyz Kaşani "Nəvadir” kitabında bir hədis nəql etmişdir. Bu hədisə əsasən məsum imamlardan hər biri namazda rüku halında fəqirlərə sədəqə vermişlər. Bu əməl ayədəki təbirlərlə uyğundur.
İmam Baqir (ə) buyurmuşdur: "Allah Öz peyğəmbərinə göstəriş verdi ki, Əlinin (ə) vilayət məsələsini bəyan etsin və bu məqsədlə ayə nazil edilmişdir. 
Ən üstün tanıtdırma odur ki, bir şəxsin əlamətləri və xüsusiyyətləri sadalananda qarşı tərəf özü onun kimliyini müəyyənləşdirsin. (Ayə Həzrət Əlinin (ə) adını çəkmədən onun nişanə və hərəkətlərini sadalamışdır.)
İmam Sadiq (ə) buyurmuşdur: «Həzrət Əlinin (ə) Qədir-Xumda minlərlə şahidi var idi. Bununla belə, o öz haqqını ala bilmədi. Halbuki bir müsəlmanın iki şahidi olduqda haqqını geri alır!» 
Vilayəte-fəqih (fəqihin islami hökuməti) məsum imamın vilayət yolundadır. İmam Sadiq (ə) Ömər ibn Hənzələni təqdim edərkən deyir: "Nəzər salın o şəxsə ki, bizim hədisləri rəvayət etsin, bizim halal-haramı nəzərdə tutsun, hökmlərimizi bilsin. Beləsini mən sizə hakim təyin etmişəm, onun hökumətindən razı olun.” 
Bildirişlər
1. İslam həm vilayət, həm də bəraət (müxaliflərdən üz döndərmə) dinidir. İslamda həm cazibə, həm də dəfetmə var. Əvvəlki ayələrdə yəhudi və məsihilərin vilayətinin qəbulu qadağan edildi. Bu ayədə isə buyurulur: "Allahı, Onun rəsulunu və rüku halında üzüyünü verəni özünüzə rəhbər seçin.
2. "Əvliyaukum” sözünün əvəzinə ayədə "vəliyyikum” sözünün işlədilməsindən belə bir nəticə çıxarmaq olar ki, Peyğəmbər (s) və Əli (ə) vilayətinin ruhu ilahi vilayət şüasıdır.
3. Adətən, Quranda namaz və zəkat sözləri yanaşı işlədilir. Bu ayədə isə namaz və zəkat bir-birinə qarışmış şəkildədir. (Namaz halında zəkat vermək)
4. Namaz və zəkat əhli olmayanlar xalq üzərində vilayət haqqına malik deyillər. ("İnnəma” ilahi vilayətin xüsusi fərdlərə aid olduğunu göstərir.)
5. Məhrumlara diqqətdə namaz maneə deyil. (Bəli, fəqir müsəlman üz tutduğu toplumdan əliboş geri qayıtmamalıdır.)
6. Vilayət namazın bərpası və zəkat ödənməsində möhkəm olan kəslərə aiddir. ("Yuqimunə” və "yutunə” təbirləri davam nişanəsidir.)
7. Allah, Onun rəsulu və imam tərəfindən olmayan istənilən bir vilayət, hökumət və rəhbərlik batildir.
8. Namaz halında Allahın razılığı xatirinə xalqa diqqət namazla zidd deyildir.
9. Fəqirlərə etinasız olanlar sizə rəhbər olmamalıdırlar.
10. (Üzüyün infaqı kimi) cüzi işlər namazı batil etməz.
11. Quran dilində müstəhəb sədəqəyə də zəkat deyilmişdir.
12. Vilayətlər çiyin-çiyinə yox, yuxarıdan aşağı gəlir. Müsəlmanlar üzərində vilayət əvvəlcə Allaha, sonra peyğəmbərə, daha sonra isə imama məxsusdur.
13. Həzrət Əlinin (ə) peyğəmbər dövründə də vilayəti var idi.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.