İbrahim ‏ surəsi - Ayə: 9

Məkkəvi Quran-ı Kərim
İbrahim ‏ surəsi - Ayə: 9
Məgər sizdən qabaqkıların – Nuh, Ad və Səmud qövmünün və onlardan sonra olub (sayları və hallarını) Allahdan başqa heç kəsin bilmədiyi kəslərin xəbəri sizə çatmayıb?! Peyğəmbərləri onlara (tovhid və öz nübuvvətləri barədə) aydın dəlillər gətirdilər. Onlar isə peyğəmbərlərin əllərini ağızlarına qaytardılar (ki, sakit olun, yaxud öz əllərini öz ağızlarına qoydular ki, susun və ya əllərini ağızlarına qoyub qəzəbdən sıxdılar) və dedilər: «Biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik və həqiqətən biz sizin, tərəfinə çağırdığınız şey (tovhid və bütlərin batil olması etiqadı) barəsində tərəddüd doğuran və qaranlıq bir şəkk içərisindəyik (din və kitabınızı inkar edir, tovhid barəsindəki dəlillərinizi qənaətbəxş saymırıq).»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

İbrahim ‏ surəsi 9. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 9 MÖHSÜN QƏRAƏTİ

"Sizdən əvvəlki Nuh, Ad, Səmud qövmlərinin və onlardan sonrakı qövmlərin xəbəri sizə çatmayıbmı? Onlardan yalnız Allah xəbərdardır. Peyğəmbərləri onların sorağına möcüzələrlə gəldi. Amma onlar əllərini ağızlarına tutub («susun!» işarəsi verməklə) deyirdilər: "Biz sizinlə göndərilənləri inkar edirik və bizi dəvət etdiyiniz şeyə qarşı şəkk-şübhə içindəyik.”


Nöqtələr
Bu ayə hazırkı surənin 5-ci ayəsində bəyan olunmuş Allahın günlərinin xatırladılması və həmin günlərə diqqət nümunələrindəndir.
Şeyx Tusi "Tibyan” təfsirində bildirir ki, "şəkk” "rəyb”dən fərqlənir. Şəkk təbii bir şübhədir, rəyb isə sui-zənn və böhtanla müşayiət olunan şəkdir.
Həqiqətin araşdırılması və qəbulu üçün zəmin olan şəkk faydalı şəkdir. Aşkar dəlillərə, möcüzələrə qarşı şəkk isə inadkarlıqdır, dağıdıcı şəkdir və insanı haqqın qəbulundan saxlayır.
"Fərəddu əydiyəhum fi əfvahihim”, yəni "əllərini ağızlarına tutdular” cümləsi bir neçə cür mənalandırıla bilər:
a) Müxaliflər əllərini haqpərəstlərin ağzına tutmaqla onların səsini boğurdular.
b) Peyğəmbərlərin möcüzə və dəlilləri o qədər möhkəm idi ki, xalqın əli ağzında qalmışdı, yəni onların deməyə sözləri yox idi.
v) Peyğəmbərlərin müxalifləri qəzəbdən əllərini gəmirirdilər.
q) Müxaliflər peyğəmbərlərin hüzurunda əllərini ağızlarına aparmaqla moizə-nəsihəti dayandırmağı işarə edirdilər.
Bildirişlər
1. Allah tərəfindən tarixə və cəmiyyətə sabit qanunlar hakim kəsilmişdir. Tarixin bir hissəsi ilə tanış olmaqla növbəti hissəsi üçün ibrət dərsi götürmək mümkündür.
2. Bəşər tarixinin müəyyən hissələri məchul və qaranlıqdır.
3. Bütün peyğəmbərlərin möcüzəsi olmuşdur.
4. Kafirlər şəxsən peyğəmbərlə düşmən deyildilər, onların düşmənçiliyi dinə ünvanlanmışdır.
5. Kafirlər heç bir araşdırma aparmadan dinə şübhə edirlər. Bu şübhənin əsasını bədbinlik və inadkarlıq təşkil edir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ