İbrahim ‏ surəsi - Ayə: 7

Məkkəvi Quran-ı Kərim
İbrahim ‏ surəsi - Ayə: 7
Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükr etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

İbrahim ‏ surəsi 7. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 7 MÖHSÜN QƏRAƏTİ.

"(Xatırla) o zaman ki, Rəbbiniz elan etdi: Həqiqətən, əgər şükür etsəniz, hökmən sizin üçün artırarıq. Əgər nankorluq etsəniz, həqiqətən, Mənim əzabım ağırdır.”
Nöqtələr
Hazırkı ayə Quranın nemətə şükür və nankorluqla bağlı ən aydın ayəsidir. Azadlıq və ilahi hökumətin təşkili ilə bağlı bəyan olunmuş ayədən sonra həzrət Musanın rəhbərliyinə işarə olunur. Belə məlum olur ki, ilahi hökumət və səmavi rəhbər ən mühüm nemətlərdəndir. Nankorluq edənləri ağır əzab gözləyir.
Nemətə şükrün mərhələləri var: qəlb şükrü (bütün nemətləri Allahdan bilək); dil şükrü (məsələn, "əlhəmdulillah” deməklə şükür etmək); əməli şükür (insan şükür olaraq ibadət edir, canını və malını Allahın razılığı və xalqa xidmət yolunda həsr edir).
İmam Sadiq (ə) buyurmuşdur: "Nemətin şükrü günahdan uzaqlıqdır.” Həzrət başqa bir məqamda buyurur: "Şükür odur ki, insan bütün nemətin Allah tərəfindən olduğunu qəbul etsin. (Özünün və ya başqalarının zirəkliyini, elmini, əqlini və səyini əsas saymasın). Allahın ona verdiyindən razı qalsın, Allahın nemətlərindən günah yolda istifadə etməsin. Həqiqi şükür odur ki, insan Allahın nemətlərindən haqq yolda bəhrələnir”
İlahi nemətlər müqabilində nə qədər şükür etsək də, bu şükürlər cüzidir və dilə gətiriləsi deyil. Sədinin təbirincə:
Bəndə odur təqsirini anlayıb
Üz tuta dərgahına Allahının.
Yoxsa ki, Allahına layiq qədər
Yox dəyəri tövbəsinin, ahının.
Hədisdə oxuyuruq ki, Allah Musaya belə vəhy etdi: "Mənim şükür haqqımı yerinə yetir.” Musa dedi: "Bu iş mümkün deyil. Çünki hər şükür kəlməsi üçün başqa bir şükrə ehtiyac var.” Allah-təala vəhy etdi: "Sənin bu etirafın, hər şeyin Mənə aid olduğunu bilməyin ən yaxşı şükürdür.”
Rəvayətlərə əsasən, insanlara təşəkkür etməyən kəs, Allaha da təşəkkür etməmişdir.
Allahın nemətini qeyri-ilahi yolda sərf etmək nankorluq və küfr üçün zəminədir. Quranda buyurulur: "Allahın nemətini küfrə dəyişənlər...”

Bildirişlər
1.Şükrün nemət üçün vasitə olması ilahi bir sünnədir və bu sünnə qəti şəkildə elan olunmuşdur.
Şükür qılsan nemət artası hökmən
Nankor olsan nemət çıxası əldən.
2. Allah şəxsən ehtiyac duyduğundan yox, bizim tərbiyəmiz üçün şükrü zəruri edib.
3. Şükür vasitəsi ilə nəinki nemətlər artır, hətta biz özümüz də inkişaf edir, yüksəlirik.
4. Nankorluğun cəzası təkcə nemətlərin kəsilməsi deyil. Bəzən geri alınmayan nemət də bədbəxtçilik səbəbi olur və insan tədricən süqut edir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.