İbrahim ‏ surəsi - Ayə: 4

Məkkəvi Quran-ı Kərim
İbrahim ‏ surəsi - Ayə: 4
Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır və istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibi!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

İbrahim ‏ surəsi 4. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 4 MÖHSÜN QƏRAƏTİ.

"Bütün peyğəmbərləri öz qövmünün dilində danışan (halda) göndərdik ki, xalq üçün bəyan edə bilsin. Allah istədiyini (ləyaqətsizi) azdırar, istədiyini (ləyaqətlini) hidayət edər. Odur qüvvə və hikmət sahibi.”
Nöqtələr
Ayədə "qövmün dili” dedikdə təkcə dil və lüğət nəzərdə tutulmur. Bəzən bir şəxs xalqın dilində danışsa da, onu anlayan olmur. Ayədə xalqın başa düşəcəyi bir dil nəzərdə tutulmuşdur. Peyğəmbərlər ilahi vəhyi xalqa anlada biləcək şəkildə danışmışlar. Başqa bir ayədə buyurulur: "Biz Quranı sənin dilinlə asan etdik.” Həzrət Musa da sözlərinin anlaşılması üçün Allahdan diləyir ki, dilindəki düyün açılsın.
Bəzi təfsirçilər deyirlər: "Yəşa” ("istədiyini”) feli Allaha yox, xalqa aiddir. Yəni Allah yalnız o insanları azdırır ki, onlar özləri bu istəkdədir. Eyni zamanda, hidayət istəyində olanlar hidayət olunur. Quranda buyurulur: "Hər dəstəyə getdiyi yolda yardım edirik.”
Peyğəmbərin öz qövmünün dilində təbliğ etməsi dinin ümumbəşəriliyinə zidd deyil. Vəhy zahirən bir dildə olsa da, mahiyyət baxımından bütün bəşəriyyətə məxsusdur. Quranda tapşırılır ki, bir qrup insan dini dərindən öyrənmək və hicrət etməklə dini hökmləri başqalarına da öyrətməlidir.
Bildirişlər
1. Peyğəmbərlər öz dövrlərindəki xalqların mədəniyyət və dili ilə tanış olmuş, onların anlayacağı tərzdə təbliğ etmişlər.
2. Allah haqqı tam bəyan etməklə höccəti tamamlayır və bəhanəyə yer qalmır.
3. Dini rəhbərin xalqla əlaqəsi sevgili, səmimi və bilavasitə əlaqədir.
4. Təbliğ sadə və aydın şəkildə olmalı, bütün xalq tərəfindən dərk edilməlidir.
5. Allah yalnız hikmət əsasında doğru yola yönəldir və azdırır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.