"Peyğəmbərləri onlara cavab olaraq dedilər: "(Bəli,) biz sizdən fərqli bəşər deyilik. Amma Allah Öz bəndələrindən istədiyinə minnət qoyur (və onu peyğəmbər seçir). Allahın izni olmadan sizə möcüzə gətirmək bizim işimiz deyil. Belə isə, möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”
Nöqtələr
Bu ayədə Allahın istədiyi kəsə minnət qoyub onu peyğəmbər seçməsi bildirilsə də, Allah hikmət sahibidir və kimdə böyük məsuliyyət üçün tutum və ləyaqət olduğunu bilir. "Allah Öz risalətini harada qərar verəcəyini daha yaxşı bilir.”
Kafirlər və müşriklərin peyğəmbərlərə əsasən etibarı ilə iki sözü var:
1. Siz də bizim kimi insansınız;
2.Bizim təklif etdiyimiz möcüzəni gətir.
Bu ayədə yuxarıdakı iki fikrə münasibət bildirilir: peyğəmbərlər qeyd edirlər ki, sizin kimi insan olduğumuzu qəbul edirik, amma Allah bizə minnət qoyaraq vəhy göndərib. Bu da qeyd olunur ki, möcüzələr xalqın istəyi əsasında göndərilmir və peyğəmbərlərin haqqı yoxdur ki, Allahın izn vermədiyi möcüzəni gətirsinlər.
Bildirişlər
1. İnsanların zahiri görünüşcə oxşarlığı onların daxili oxşarlığının dəlili deyil.
2. Peyğəmbərlər və tərbiyəçilər dəvət etdikləri insanlarla eyni şəraitdə olmalıdırlar. (Bəziləri peyğəmbərlərin adi insan olmasını onlar üçün zəif nöqtə saysalar da, əslində bu nöqtə onlar üçün imtiyaz idi. Əgər peyğəmbərlər başqaları kimi ehtiyaclı, nəfs istəklərinə malik və bəşəri çətinlikləri yaşayan insanlardan olmasaydılar, həqiqi tərbiyəçi və nümunə ola bilməzdilər.)
3. Peyğəmbərlər özlərini böyütmür və deyirdilər: "Biz də sizin kimi insanıq.”
4. Nübuvvət (peyğəmbərlik) məqamı Allahın hədiyyəsi və minnətidir.
5. Möcüzə xalqın yox, Allahın istəyi əsasında göndərilir. (Hətta xalq möcüzə istəməsə də, peyğəmbərlər möcüzə gətirirlər.)
6. Təvəkkül iman şərtidir.
7. Müxaliflərin inadkarlığı və inkarı möminləri yormur. Onlar Allaha təvəkkül etməklə öz yollarını gedirlər.