"Ya da deyirlər: "O, Quranı özündən düzəltmişdir.” De ki, əgər doğru deyirsinizsə, siz də özünüzdən on surə düzəldib gətirin. (Bu işdən ötrü) hər kəs Allahdan qeyri istədiyini (köməyə) çağırsın.”
Quran təkcə fəsahət və bəlağət baxımından möcüzə deyil, onun maarifi, moizələri, dəlilləri, qeybi xəbərləri və qanunları da möcüzədir. Çünki Quran təkcə Quranın fəsahət və bəlağətini anlayan ərəbləri yox, bütün xalqları dəvət edir. Digər bir ayədə buyurulur: "Əgər bütün ins və cin bir yerə toplanarsa, Quranın mislini gətirə bilməz.”
Quranın ecazkar cəhətləri çoxdur: onun qiraətindəki şirinlik; iyirmi üç il ərzində nazil olmasına baxmayaraq məzmun həmahəngliyi; həmin dövrədək məlum olmayan elmlərin bəyanı; sonralar baş verəcək hadisələrin öncədən xəbər verilməsi; nişanəsi qalmamış qədim qövmlərin tarixi xəbərləri, insanın fərdi və ictimai həyatını əhatə edən ümumi və kamil qanunların bəyanı; təhrifdən uzaqlıq; daimi aktuallıq.
Bütün bu yüngülləşdirmə və təhriklərə baxmayaraq bəşər yenə acizdir. Quran bir yerdə "bütün Quranın oxşarını gətirin” . Başqa bir yerdə ”Quranın on surəsinin oxşarını gətirin”, üçüncü bir yerdə "Quranın bir surəsinin oxşarını gətirin,” deyə müxalifləri mübarizəyə çağırır. Quran öz mübarizə çağırışında qarşı tərəf üçün çətinlik yaratmamaqla yanaşı həm də təhrik edir. Bir yerdə "əgər cin və ins əl-ələ versələr də belə, bacarmazlar”, digər bir yerdə "yer üzünün bütün beyinlərini dəvət edin” deyə qarşı tərəf mübarizəyə təşviq olunur. Tarix də sübuta yetirmişdir ki, İslama qarşı müharibələr alovlandırmış düşmənlər Quranın bir surəsinə oxşar surə gətirə bilməmişlər. Məgər bu möcüzə deyil?!
1. Kafirlər öz iddialarına dəlil göstərmək əvəzinə, Peyğəmbərə (s) böhtan atırdılar ki, Quran Allah kəlamı yox, Peyğəmbərin (s) öz sözləridir.
2. Quran tarixin əbədi möcüzəsidir.