"O, göyləri və yeri altı gündə xəlq edən kəsdir. Onun ərşi (hökuməti) su üzərində qərar tutmuşdur ki, hansınızın xeyir əməl sahibi olduğunu müəyyənləşdirmək üçün sınağa çəksin. Əgər desən ki, siz öləndən sonra diriləcəksiniz, şübhəsiz, kafirlər deyəcəklər ki, bu aşkar sehrdən başqa bir şey deyil.”
Ayədə "altı gün” deyərkən altı mərhələ, dövr nəzərdə tutulmuşdur. Çünki yaranışın əvvəlində gecə-gündüzü müəyyənləşdirəcək günəş yox idi.
"Ərş” dedikdə çardaq və üstü örtlü bir yer, həmçinin padşahların hündür taxtı nəzərdə tutulur. Bəzən bu söz hansısa qüdrətə işarə olur. Məsələn, deyirlər ki, filankəs taxta oturdu, yəni qüdrətə çatdı.
Sual: Ayədə bildirilir ki, yaranışın məqsədi insanın sınağa çəkilməsidir. Başqa ayələrdə isə fərqli məqsədlər bəyan olunmuşdur. Burada ziddiyyət yoxdurmu?
Cavab: Məqsədlər ardıcıl mərhələli şəkilə malik olur. Məsələn, şum əkin üçündür, əkin buğda üçündür, buğda çörək üçündür, çörək isə insan üçün. Quranda da məqsədlər bu sayaq mərhələli bəyan olunmuşdur:
a) Yaranış sınaq üçündür.
b) Sınaq yaxşını pisdən seçmək üçündür.
v) Yaxşını pisdən ayırmaq mükafat və cəza üçündür.
q) Mükafat və cəza vəd olunmuş əməl üçündür.
Həzrət Əli (ə) buyurmuşdur: "İlahi sınaq bilgi qazanmaq üçün deyil. Allah hər şeydən agahdır. Sınağın məqsədi insanın reaksiyasıdır. İnsan yaxşı əməlinə görə mükafat, pis əməlinə görə cəza alır.
Rəvayətlərdə ağıl və təqvaya əsaslanan əməl xeyir, gözəl əməl sayılmışdır. İmam Sadiq (ə) buyurmuşdur: "Əməlin gözəlliyi onun çoxluğunda yox, elm, ixlas və təqva ilə müşayiət olunmasındadır.”
1.Cahan insan üçün yaradılmışdır.
2. Allah bütün varlıq aləmini bir anda yarada bilsə də, ilahi hikmət səbəbindən tədrici yaranışa üstünlük vermişdir.
3. Göylərin və yerin maddi qaynağı su və maye olmuşdur.
4. Su göylərdən və yerlərdən öncə var idi.
5. Bütün mövcudların yaranmasında məqsəd insanın mənəvi və azad inkişafı olmuşdur.
6. Əməlin kəmiyyəti yox, keyfiyyəti mühümdür.
7. Göylər və yer ləzzət və qəflət üçün yox, yaxşı iş üçün xəlq olunmuşdur.
8. Məadı inkar edənlərin heç bir dəlili yoxdur, onlar yalnız böhtan atırlar.