NUR TƏFSİRİ: Hud surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Dünya və ondakı gözəllikləri istəyənlərə əməllərinin əvəzini həmin bu dünyada tam verərik. Onda heç bir əskiklik olmayacaq.”
Nöqtələr
Sual: Bu ayədə buyurulur ki, dünyapərəstlərə əməllərinin əvəzi elə bu dünyada tam şəkildə verilər. Başqa bir ayədə isə hər kəsə Allahın istəyi həddində əta olunacağı bildirilir. Bu iki ayə bir-birinə zidd deyilmi?
Cavab: Bu ayədə buyurulur ki, işlərinin nəticəsini verərik. O biri ayədə isə işdən yox, arzudan danışılır. Allah-təala buyurur ki, bəziləri öz arzularının bir hissəsinə çatar.
Məada inanmayan və Allahın razılığı üçün iş görməyənlərin Allahdan heç bir alacağı yoxdur. Onlar elə bu dünyada ad-san qazanmaqla öz xidmətlərinin və ixtiralarının əvəzini alırlar. Axirət mükafatını yalnız axirətə inananlar gözləyə bilər. Nə Allahı, nə də axirət dünyasını qəbul etməyənin hansı tələbi ola bilər?!
Axirət əvəzinə dünya, əbədilik əvəzinə fanilik, sonsuzluq əvəzinə məhdudiyyət ardınca gedənlərin əməllərinin nəticəsi fani dünyada məhdudlaşacaq.
Bildirişlər
1. Əməlin özü yox, onun məqsədi mühümdür.
2. İnsan azaddır və istədiyi yolu seçə bilər.
3. Allah ədalətlidir. Hətta Onun razılığını gözləməyənlərin dünya mükafatını əskiltmir.
4. Dünyapərəstlik haqqın qəbul olunmamasının dəlilidir.