Hud surəsi - Ayə: 6

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 6
Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir və O, onların əsl məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. [Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.] (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 6. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 6 MÖHSÜN QƏRAƏTİ.

"Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. O, daimi və müvəqqəti yerləri bilir. Hər biri aşkar kitabda qeydə alınmışdır.”
Nöqtələr
”Dəbib” sözündən olan "dabbət” sözü aram yolu getmək, kiçik addımlar atmaq mənasını bildirir. Bu söz bütün canlılara aid edilir.
"Rizq” dedikdə ardıcıl bəxşiş nəzərdə tutulur. Bu bəxşiş həm maddi, həm də mənəvi ola bilər. Bu məsələ duada da öz yerini tapmışdır.  Allahın verdiyi ruzi hər bir cəhətdən mövcudlara münasibdir. Məsələn, ana bətnindəki uşağın qidası onun ehtiyacına uyğun olaraq dəyişir. Körpə anadan olduqdan sonra həmin qida süd şəklinə düşür. Təbii ki, insanlar bətndəki körpəni qidalandıra bilməzdilər. Körpə özü də özünü təmin etməkdə acizdir. 
"Mustəqərr” sabit yer mənasını bildirir. "Mustəvdəə” dedikdə əmanət qoyub götürmək başa düşülür. Bu söz müvəqqəti yer mənasını bildirir.
Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyətində belə buyurur: "Ruzi iki növdür: bir növünü çalışmaqla əldə edirsən, digər növü isə özü sənin sorağına gəlir.”  Günəş işığı, yağış, hava, hafizə və istedad insanın sorağına gələn nemətlərdəndir.
Ayə belə anlaşılmamalıdır ki, insan bir bucaqda oturub səmadan ruzi gözləməlidir. Məqsəd budur ki, insan çalışıb ruzi əldə etdikdə, onu Allah tərəfindən bilməlidir. Bu səbəbdən də bütün din öncüllərimiz səy göstərmişlər.
Bütün mövcudlara ruzi çatdırmağın şərti onların yerindən və ehtiyaclarından xəbərdarlıqdır. Olduqca dəqiq bir sistem əsasında bütün varlıq aləminin son ehtiyaclarından xəbər tutmaq olar. Ruzi yetirən varlıq insanların, heyvanların sayını, onların fərdi xüsusiyyətlərini və ən çeşidli ehtiyaclarını bilməlidir.
Əgər bütün biliklər Quranda toplanmışsa, demək kitabdan xəbərdar olan kəs hər şeyi bilir. "Rəd” surəsinin son ayəsində oxuyuruq: "Kafirlərə de ki, mənim şahidim Allahdır və kitab elmini bilən kəs.” Şiə və sünni rəvayətlərində nəql olunur ki, kitab elmini bilən kəs dedikdə, Həzrət Əli (ə) nəzərdə tutulmuşdur.
Allahın iki sünnəsi, qanunu var: bu qanunlardan biri ruzi yetirmək, digəri işlərin vasitələrlə gerçəkləşdirilməsidir. Demək, ruziyə çatmağın insanın səyi ilə heç bir ziddiyyəti yoxdur.
Bildirişlər
1. Diri varlığın qidalanma haqqı var. Allah canlı varlıqları qidalandırmağı Özü üçün zəruri etmişdir.
2. Bizim ruzimiz Allahın əlindədir, başqalarının qarşısında boyun əyməyək.
3. Ruziyə görə nə hərislik göstərək, nə də qorxaq.
4. Allah həm ruzi mənbələri vermiş, həm də onun əldə olunması üçün ağıl və vasitə əta etmişdir.
5. İstər səfərdə, istərsə də vətəndə, harada olsaq, Allahın nəzəri altındayıq.
6. Bu dünyanın bütün məlumatları dəqiq şəkildə qeydə alınır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.