NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 52
"Səndən öncə elə bir peyğəmbər göndərmədik ki, o arzu etdikdə şeytan Öz təlqini ilə onun arzularına mane olmasın. Amma Allah şeytanın bütün təlqinlərini aradan götürər, sonra öz ayələrini möhkəmləndirər. Allah elm və hikmət sahibidir.”
Nöqtələr
Şeytanın vəsvəsələrinə, təlqinlərinə münasibətdə, xalq bir neçə qrupa bölünür:
1. Şeytanın vəsvəsələri ruhuna təsir göstərənlər.
2. Şeytanla təmasda olub, məsələni tez bir zamanda anlayıb onu rədd edənlər.
3. Daim şeytanla birlikdə olanlar.
Peyğəmbərlər bu qrupların heç birinə daxil deyildirlər. Onlar məsumdurlar. Şeytan onlara yaxınlaşa bilmir, ruhlarına vəsvəsə etməkdə, onlarla təmas qurmaqda acizdir. Şeytanın peyğəmbərlərin arzularına təlqini ola bilər. Amma məlum məsələdir ki, peyğəmbərlərin proqramları onların şəxsi məsələlərindən fərqlənir.
Bildirişlər
1. İslam Peyğəmbəri (s) son peyğəmbərdir.
2. Haqla batil arasındakı ziddiyyət daimi bir cərəyandır.
3. Bütün peyğəmbərlər eyni mərtəbədə deyil. (Rəsul nəbidən daha geniş təbliğə məsuldur.)
4. Peyğəmbərlərin öz məqsədləri ilə bağlı proqramları var.
5. Şeytan peyğəmbərlərə təsir göstərə bilməsə də, məqsədlərlə bağlı vəsvəsəyə əl atır.
6. Şeytanın vəsvəsələri ən üstün proqramlar üçün də təhlükə törədir.
7. Haqq-batil qarşıdurmasında Allah batili məhv edir, haqqı möhkəmləndirir.
8. Haqqın batilə qələbəsi üçün tələsməyin.
9. Allahın himayəsi olmadan haqq möhkəmlənməz.
10. Haqla batil arasındakı ziddiyyət, haqqın batilə qələbəsi Allahın hikmət və elmə əsaslanan planlarındandır.