NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 30
"Budur (həcc əməlləri). Allahın möhtərəm saydığını əziz tutmaq, şübhəsiz, Rəbbinin yanında hər kəs üçün daha yaxşıdır. Sizə deyilənlər istisna olmaqla, dördayaqlılar halal edilmişdir. Bütlərin çirkinliyindən uzaq olun, batil sözlərdən çəkinin.”
Nöqtələr
"Qəvləz-zur”, yəni "batil söz” təbiri üçün bir sıra nümunələr göstərilmişdir: yalan, nahaq şəhadət, ğina (haram musiqi). "Hurumatillah”, yəni «Allahın hörmətli saydıqları» təbiri üçün Allahın qanunları, Allahın kitabı, Peyğəmbər Əhli-beyti (ə) nümunə olaraq göstərilmişdir. Bütün sadalananların hörmətini saxlamaq zəruridir.
Yalan şahidlik Allaha şirk cərgəsində dayanır və "qovləz-zur” nümunəsi olaraq böyük günah kimi tanıtdırılır.
Bildirişlər
1. Allahın möhtərəm saydığını əziz tutaq (ilahi göstərişləri ehtiram və əzəmətlə xatırlayaq, onları şadlıq və həssaslıqla yerinə yetirək).
2. İlahi qanunlara və müqəddəsliklərə hörmət öz xeyrimizədir. Bu hörmətə görə Allah mükafat vəd edir.
3. Vəhyə əsaslanan xüsusi bir dəlil olmasa, dördayaqlı heyvan halal sayılır.
4. Bütpərəstlik çirkaba batmaqdır. (İslamdan öncə həcc və qurbanlıq mərasimləri şirk və bütpərəstliyə bulaşmışdı.)