NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 28
"(İnsanlar hər tərəfdən Həccə axışırlar ki,) öz müxtəlif mənafelərinə şahid olsunlar, xüsusi Həcc günlərində onlara ruzi edilmiş dilsiz-ağızsız dördayaqlılara görə Allahı yad etsinlər. Onların ətindən yeyin, çarəsiz yoxsula yedirin.”
Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Xüsusi günlər dedikdə (qurbandan sonrakı) təşriq günləri, yəni zilhiccənin 11, 12 və 13-cü günləri nəzərdə tutulur.”
İmam Sadiq (ə) buyurmuşdur: «Allahın zikri dedikdə, "Əllahu əkbər” və on beş namazdan sonraya aid məşhur bir duadakı cümlələr nəzərdə tutulur. Bu namazların birincisi qurban gününün zöhr (günorta) namazıdır.»
İmam Kazim (ə) bir şəxsin sualına cavab olaraq buyurdu: "Məkkə qurbanlığının dərisi sallaqxanaya muzd verilə bilər. Çünki yalnız yeməli hissə istifadə olunur və ya fəqirə verilir. Dəri isə yeməli deyil.”
Həccin siması haqqında bunları deyə bilərik:
–Həcc ümumi bir səfərbərlik, müvəhhidlərin (təkallahçıların) manevridir.
–Həcc eşq və bəndəliyin gözəl çöhrəsidir.
–Həcc İbrahim (ə), İsmail (ə), Məhəmməd (s) kimi peyğəmbərlərin xatirələrini və xidmətlərini əbədiləşdirməkdir. (Onların hər birinə Allahın salamı olsun!)
–Həcc müsəlmanların beynəlmiləl yığıncaq mərkəzidir.
–Həcc İslam dünyasının qarşılıqlı rabitə və məlumatlar mübadiləsi mərkəzidir.
–Həcc müsəlmanlar üçün iqtisadi dayaq olur, on minlərlə müsəlmana iş yeri yaradılır.
–Həcc İslam təbliğatı, İslama qarşı qurğuların ifşası, məzlumların himayəsi, kafirlərə nifrət və onların qəlbində qorxu yaradılması üçün ən üstün fürsətdir.
–Həcc tövbə, ölüm və məadın xatırlanması, dünyəvi bağlılıqların qırılması, vəfat və məhşər səhrasının müşahidəsi, həzrət Mehdinin (ə) intizarı üçün ən münasib fürsətdir.
Bildirişlər
1. Müsəlmanlar maddi və mənəvi mənafelər əldə etmək üçün Həcc səhnəsində iştirak etməlidir.
2. Həccin mahiyyəti o qədər mühümdür ki, bu mənafeni əldə etmək üçün dünyanın ən uzaq nöqtələrindən yola çıxmağa dəyər.
3. Allah əmrlərinin icrası, Həcdə ilahi niyyətə malik olmaq müxtəlif nemətlərdən bəhrələnməklə zidd deyil.
4. İlahi göstərişlər insanların öz xeyrinədir.
5. Həcdə həm dünyəvi, həm də üxrəvi (axirətə aid) faydalar var. İmam Sadiq (ə) buyurur: "Ayədə mənafe deyərkən dünya və axirət mənafesi nəzərdə tutulmuşdur.”
6. İbadətin fəlsəfəsi Allahın yada salınmasıdır. Namaz da eyni mahiyyət daşıyır.
7. Zaman ünsürü duanın qəbuluna təsir göstərir. (İslami ibadətlərin xüsusi vaxt bölgüsü var)
8. Dördayaqlılar, onların insan qarşısında təslimçiliyi və qurban kəsilməsi bəşəriyyətə verilmiş ilahi nemətlərdəndir.
9. Ziyarətçilər özləri də qurban ətindən istifadə edə bilər. (Cahiliyyət dövründə isə ziyarətçi öz qurbanlığından istifadə edə bilməzdi.)
10. Həcdə iştirak və ondan bəhrələnmə yoxsulluğun aradan qaldırılması ilə müşayiət olunmalıdır.
11. Varlıların həcdə iştirakı onlara yoxsulları unutdurmamalıdır.