NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 27
"Xalq arasında Həcc harayı çək. Qoy onlar piyada və iti miniklərə süvari halda, istənilən uzaq yoldan sənin sorağına gəlsinlər.”
Nöqtələr
"Zamir” dedikdə piyi ərimiş, əzələləri möhkəmlənmiş çağ, iti heyvan nəzərdə tutulur. Belə heyvan sanki yarış üçün hazırlanmışdır. Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 28-ci xütbəsində buyurur: "Bu gün özünüzü çağ saxlayın ki, Qiyamətdə önə keçə biləsiniz.”
Rəvayətdə oxuyuruq: "Həzrət İbrahim dedi: "Pərvərdigara! Sözümü kimsə eşitmir.” Allah-təala buyurdu: "Sən haray çək, mən xalqa çatdıraram.”
Kəbə ziyarətçilərinin ilkin vəzifəsi ehram libası geymək və "ləbbəyk, əllahummə ləbbəyk” deməkdir. İmam Sadiq (ə) buyurmuşdur: "Bu sözlər İbrahimin dəvətinə cavabdır.”
Həzrət Peyğəmbər (s) hicri 10-cu ildə Mədinədə göstəriş verdi ki, azançılar uca səslə xalqı Peyğəmbərlə (s) birlikdə Həccə dəvət etsinlər.
Bildirişlər
1. Allah övliyalarının bugünki harayı gələcək nəsillərə təsir edir.
2. Peyğəmbərlər "əmr be mərufda”, yəni yaxşılığa dəvətdə öncül olmuşlar.
3. Həccə getmək övliyaların hüzuruna yetişməkdir.
4. Allah qeybdən, gələcəkdən xəbər verir.
5. İnsan öhdəsinə vəzifə götürdükdə müqəddimə üçün hazırlıq görməlidir.
6. Həccə piyada səfər süvari halda olan səfərdən üstündür.
7. Bir işdə eşq və istək olduqda növbəti mərhələdə imkanlar üzə çıxır.
8. Həcc yeganə ünvandır ki, daim dünyanın müxtəlif məntəqələrindən ona doğru hərəkətdə olanlar var.