Əl-Ənam ‏ surəsi - Ayə: 53

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 53
Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtahan etdik ki, nəhayət (onların əyanları yoxsul möminlər barəsində) «Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır?» desinlər. Məgər Allah şükr edənləri daha yaxşı tanımır?
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 53. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 53 MÖHSÜN QƏRAƏTİ.

"Bu sayaq xalqın bəzilərini digərləri vasitəsi ilə sınadıq ki, (istehza ilə) desinlər: «Bizim aramızdan Allahın minnət qoyduğu kəslər bunlarmıdır?» Məgər Allah şükür edənlərin halını daha yaxşı bilmirmi?”
Nöqtələr
Quran dəfələrlə sərmayədarların, varlıların yuxarıdan getməsini, tələbkarlığını bəyan və məhkum etmişdir. Onlar umurdular ki, vəhy və Quran onlara nazil olsun. Onlar deyirdilər: "Bizim aramızda onamı vəhy nazil oldu?!” Başqa bir ayədə bu etiraz belə bəyan olunur: "Nə üçün vəhy həmin iki yerdən olan böyük bir şəxsə nazil olmadı?!” 
Həqiqi möminlər iman nemətinə görə şükür edirlər. Bir şəxs imam Kazimə (ə) öz yoxsulluğundan şikayət etdikdə həzrət buyurdu: " Sənin nəzərincə ən varlı adam kimdir?” Həmin şəxs dedi: "Xəlifə Harun ər-Rəşid.” İmam (ə) soruşdu: "İmanını verib onun sərvətini almağa hazırsanmı?” Yoxsul dedi: "Xeyr.” İmam (ə) buyurdu: "Demək, sən ondan varlısan. Çünki səndə onun sərvəti ilə dəyişmək istəmədiyin bir şey var.” 
Bildirişlər
1. İctimai fərdlər bəzən sınaq və inkişaf vasitəsi olur. Varlılar cəmiyyətdəki kasıblarla sınağa çəkilir.
2. Varlılar yoxsulları təhqir edir və özlərini daha dəyərli sayırlar.
3. İmanlı yoxsullar Allahın seçilmişləridir.
4. Kafirlərin təhqirlərinin cavabı möminlərlə ilahi nəvaziş və məhəbbətlə verilir.
5. Allahın fəqirlərə minnəti onların şükrünün nəticəsidir.
6. Allah xalqın istəyi əsasında yox, Öz hikməti əsasında iş görür.
7. Peyğəmbərlər şükür edənlərin bariz nümunələridirlər. Peyğəmbərlərin hidayətini qəbul edən fəqirlər də hidayət nemətinə şükr edənlərdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.