Əl-Ənam ‏ surəsi - Ayə: 59

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 59
Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda və dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum və (meyvə və dənli bitkilərdən) heç bir quru və yaş yerə düşmür.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 59. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 59 MÖHSÜN QƏRAƏTİ.

"Qeyb xəzinələri yalnız Allaha məxsusdur və Ondan savay kimsə xəbərdar deyil. Quruda və suda olanı bilir və O bilmədən ağacdan bircə yarpaq belə düşmür. Torpağın qaranlığında heç bir dən, heç bir yaş və quru yoxdur ki, açıq-aydın kitabda qeyd olunmasın.”

     

    Nöqtələr
    "Məfateh” "iftəh” sözünün cəm forması olub "xəzinə”, ya da "miftah” sözünün cəm forması olub "açar” mənasını daşıyır. Amma birinci məna daha münasib görünür. 
    "Yaş və quru” təbiri hər şeyin nəzərdə tutulduğunu bildirir. Ölüm və həyat, sağlamlıq və xəstəlik, fəqirlik və var-dövlət, yaxşı və pis, mücərrəd və maddi təbirləri də yuxarıdakı təbirin oxşarıdır. Bu məsələ digər ayələrdə də bəyan olmuşdur. 
    Yarpaqların düşməsi dedikdə eniş, dənlərin torpaqda inkişafı dedikdə yüksəliş hərəkəti nəzərdə tutula bilər. 
    Bildirişlər
    1. Kafirlərin istədiyi əzabın dərhal gəlməməsi səbəbi Allahın varlıq sirlərindən xəbərdarlığıdır.
    2. İlahi hökmlər Allahın qeyb və gerçəkdən agahlığına əsaslanır.
    3. Qeyb elmi adi elmlərdən qat-qat genişdir. (Çünki Quran qeyb elminə münasibətdə xüsusi təbirlər işlədir.)
    4. Bəzilərinin iddiasının əksinə olaraq, Allah elmlərdən yalnız külli şəkildə yox, varlığın bütün xırdalıqlarından da xəbərdardır. O səbəbdən də əməllərimizə diqqətli olaq.
    5. Allahdan savay kimsə öz-özündən qeyb elminə xəbərdar deyil.
    6. Dünyada məlumat üçün bir mərkəz mövcuddur.
    7. Varlıq aləmi əvvəlcədən müəyyənləşmiş proqram əsasında qurulmuşdur.
    Müəllif: MÖHSÜN QƏRAƏTİ.