Əl-Ənam ‏ surəsi - Ayə: 50

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 50
De: «Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm (şeyləri «ol» deməklə yaratmaq və bir şey istəyənlərin ehtiyacını əldəki miqdar azalmadan təmin etmək qüdrətim yoxdur), qeyb elmini də bilmirəm və (həmçinin) sizə «mən mələyəm» demirəm. Mən yalnız mənə edilən vəhyə tabe oluram. (Buna görə də mən vəhyə tabe olduğum üçün gözüaçıq və hər şeyi görənəm, vəhydən üz döndərən hər bir kəs isə kordur.)» De: «Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 50. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 50 MÖHSÜN QƏRAƏTİ.

"(Ey peyğəmbər! Xalqa) de ki, mən Allahın xəzinələrinin məndə olduğunu iddia etmirəm, qeybi də bilmirəm. İddia etmirəm ki, mən mələyəm. Mən vəhy olunandan başqa bir şeyə tabe olmuram. De ki, korla görən bərabərdirmi? Yoxsa düşünmürsünüz?”
Nöqtələr
İmansız xalq elə güman edirdi ki, yalnız ilahi xəzinələr onun ixtiyarında olan kəs peyğəmbər ola bilər. Ya da ki, onlar bütün çətinliklərini qeyb elmi yolu ilə həll etmək istəyirdilər. Bu ayədə peyğəmbərə əmr olunur ki, xalqın yersiz istəklərinin və yanlış düşüncələrinin qarşısını alsın. Peyğəmbər bu ayədəki göstərişə əsasən öz vəzifələrinin çərçivəsini bəyan etməli olur. Peyğəmbər deməlidir ki, mənim möcüzələrim sizin istəklərinizlə yox, ilahi çərçivədədir. Harada mənə vəhy olunsa möcüzə də olacaq. İstədiyiniz yerdə istədiyiniz şeyi gözləməyin.
Bu ayədə peyğəmbərin qeybi bilməsi müstəqil şəkildə inkar edilir. Bildirilir ki, bəzən qeybdən peyğəmbərə müəyyən məlumatlar əta olunur. Allah dəfələrlə həzrət Yusif, Məryəm, Nuhun tarixi haqqında İslam peyğəmbərinə buyurur: "Bu hekayələr sənə verdiyim qeybi məlumatlardır.” "Cin” surəsinin sonunda isə belə buyurulur: "Allahın qeyb elmi var və onu yalnız Öz övliyalarına əta edər.” Demək, qeyb elmi Allaha məxsusdur. Allah istədiyi vaxt bu elmdən bir hissəsini Öz övliyalarının ixtiyarına verir.
Bütün peyğəmbərlər xalqla eyni cür rəftar etmişlər. İslam peyğəmbərinin dediyi sözləri həzrət Nuh da xalqa demişdir. 
Bildirişlər
1. Peyğəmbərlər o qədər sədaqətlidirlər ki, bir iş qüdrətlərindən xaric olduqda bunu xalqa elan edirlər.
2. Xurafat və yalançı şəxslərin ortaya atılması ilə mübarizə peyğəmbərin fəaliyyətlərindəndir.
3. Peyğəmbərlərə yersiz istəklərlə müraciət etməyin.
4. Rəhbərin həyatı, məqsədləri və iş üsulu dərhal və aydın şəkildə xalqa bəyan olunmalıdır.
5. İmkan verməyin ki, xalq sizi olduğunuzdan üstün tanısın. Şəxsiyyətlər yalançı adları inkar etsələr, bir çox azğınlıqların qarşısı alınar.
6. Peyğəmbərlər pul və hədə ilə iş görmürdülər ki, başqaları qorxu və tamah üzündən onların ətrafında toplanıb, öz çətinliklərini qeyb elmi və ilahi xəzinələr vasitəsi ilə həll etmək fikrinə düşələr.
7. Peyğəmbərlər şəxsi həyatın və ya hökumətin idarəsi üçün başqaları kimi adi yollarla hərəkət edirlər. Peyğəmbərliyin sübutu üçün qeyb elmindən istifadə olunsa da, bu elmdən və ilahi xəzinələrdən şəxsi məqsədlə istifadə olunmur.
8. Peyğəmbər ilahi xəzinə və qeyb elminə malik olmasa da, ona vəhy gəldiyi üçün itaət edilməlidir.
9. Peyğəmbər nə şəxsi düşüncə və səliqə, nə də xalqın meyli əsasında iş görür. Onun işi yalnız vəhyə əsaslanır.
10. Peyğəmbərin rəftarı və sözü vəhyə əsaslandığından bizim üçün höccət, dəlildir.
11. Peyğəmbərə tabeçilik bəsirət, onlara arxa çevirmək korluqdur.
12. Düzgün düşüncə insanı peyğəmbərə tabeçiliyə vadar edir. Bu halda insan yersiz bəhanələr və istəkləri bir kənara qoyur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.