Əl-Ənam ‏ surəsi - Ayə: 124

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 124
Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 124. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 124 MÖHSÜN QƏRAƏTİ.

"Allah tərəfindən onların hidayəti üçün ayə və nişanə nazil olduqda dedilər: «Nə qədər ki, Allahın elçilərinə verilən bizə verilməyib, heç vaxt iman gətirmərik. (De ki,) Allah yaxşı bilir ki, Öz risalətini harada (kimdə) qərar versin.» Tezliklə günah edənlərə etdikləri məkr və hiylənin cəzası olaraq Allah tərəfindən zəlillik və əzab yetişəcək.”
Nöqtələr
Ayənin nazil olma şəni haqqında deyilir ki, kafirlərin düşünən beyni olan Vəlid ibn Müğeyrə deyir: "Mənim yaşım və sərvətim Məhəmməddən çox olduğu üçün vəhy mənə gəlməlidir.” Belə bir iddia Əbu-Cəhlin dilindən də nəql olunur.
İlahi vəd bir qrup küfr başçıları haqqında gerçəkləşdi. Onlar Bədr döyüşündə öldürüldülər.
Bildirişlər
1. Qüdrətli başçılar özlərini üstün saydıqlarından təkəbbür göstərir və İslamın dəvətini qəbul etmirdilər.
2. İlahi seçim meyarı ləyaqətlərdən xəbərdarlıqdır.
3. Haqq qarşısında təkəbbürün nəticəsi zillət və xarlıqdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.